DÜNYA
Şərqi Çin dənizində qəzaya uğrayan İrana məxsus neft tankerindəki yanğın bir ay davam edə bilər
Bakı, 11 yanvar, AZƏRTAC
Şərqi Çin dənizində taxıl yüklü gəminin İrana məxsus neft tankeri ilə toqquşması nəticəsində tankerdə baş verən yanğın bir ay davam edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Respublikasının Okean və Balıqçılıq Nazirliyi məlumat yayıb.
Hazırda yanğının söndürülməsi üzrə işlər davam edir, tankerdə hələ də partlayışlar baş verir. İrana məxsus tankerdəki 32 nəfərlik ekipajdan 31-nin axtarışı davam edir. Qəzadan bir gün sonra itkin düşənlərdən birinin - Pakistan vətəndaşının cəsədi yanan tankerdə aşkarlanıb.
Xatırladaq ki, İranın Milli Tanker Şirkəti (NITC) tərəfindən idarə olunan “The Sanchi” adlı neft tankeri yanvarın 6-da gecə Şanxaydan 160 mil uzaqlıqda “CF Crystal” adlı gəmi ilə toqquşub. Tanker İrandan Koreya Respublikasına son dərəcə yüngül və uçucu neft növü olan 136 min ton kondensat daşıyırdı. Təxminən 1 milyon barrelə bərabər olan bu kondensat yükünün bazar dəyəri 60 milyon dollar təşkil edir.
Tankerin partlaması və batması ilə əlaqədar narahatlıqlar da artır. Gəmidən dənizə nə qədər neft sızdığı və ya ətraf mühitə hansı formada zərər verdiyi bilinmir. Lakin bu hadisə 1991-ci ildə Anqola sahillərində 260 min ton neftin ətraf mühitə saçılmasından sonra görülən ən böyük neft fəlakəti ola bilər.
Toqquşma nəticəsində ABŞ taxılını daşıyan yük gəmisinə isə az ziyan dəyib və hamısı Çin vətəndaşı olan 21 ekipaj qurtarılıb.
Çinin Nəqliyyat Nazirliyindən bildirilib ki, yük gəmisi Şanxayın cənubundakı Luhuashan limanına aparılıb və qəza ilə bağlı istintaq limanda başlanıb.