ELM VƏ TƏHSİL
Şərqşünaslıq İnstitutunun əməkdaşı beynəlxalq konfransda məruzə ilə çıxış edib
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin kiçik elmi işçisi Əzizə İsmayılova Türkiyənin Antalya şəhərində onlayn formatda keçirilən elmi araşdırmalar və son tendensiyalar üzrə IX Beynəlxalq Avrasiya Konfransında iştirak edib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Tədbirdə Əzizə İsmayılova “The “Crescent” of the Middle East” (Yaxın Şərqin “Hilal”ı) mövzusunda məruzə edib. Məruzədə tanınmış ərəb yazıçısı, publisist, tarixçi, tədqiqatçı Cürci Zeydanın 1892-ci ildə Misirin Qahirə şəhərində təsis etdiyi “Əl-Hilal” jurnalı haqqında, onun hansı səbəbdən bu ad altında çap olunması və ərəb ədəbi-mədəni fikrinin təbliğində rolu barədə ətraflı məlumat verilib. Yeni maarifçiliyin əsasını qoyan və bununla da ətrafına təkcə ərəb Şərqində deyil, bütün dünyada böyük oxucu kütləsi yığa bilən bu jurnal haqqında məruzə konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib.