REGİONLAR
Şərur rayonunda bir neçə kəndi birləşdirən 21 kilometr uzunluğunda yol yenidən qurulur
Şərur, 8 may, AZƏRTAC
Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu da əhatə edir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayonun Xanlıqlar, Şərur şəhəri, Yengicə, Şəhriyar, Kürçülü, Kərimbəyli, Dəmirçi kənd avtomobil yolu yenidən qurulur. Görülən işlər çərçivəsində Dəmirçi kəndində torpaq hazırlıq işləri başa çatdırılıb. Hazırda Kərimbəyi-Axaməd yolunda köhnə asfalt örtüyü götürülür, qum, çınqıl işləri görülür.
21 kilometr uzunluğundakı yola asfalt-beton örtüyü salınacaq. İki hərəkət zolağından ibarə olacaq yolun eni 11 metrə qədər genişləndiriləcək. Yolun üzərində 5 körpü tikiləcək, 44 su keçidi qoyulacaq, 10 kilometrə yaxın suaparıcı kanallar çəkiləcək.
Rayonda yeni Bayraq Meydanı da salınır. Ərazidə istirahət parkı yaradılacaq, meydanın ətrafında müasir işıqlandırma sistemi qurulacaq, yaşıllıqlar salınacaq.