REGİONLAR
Şərur və Ordubad rayonlarında sakinlərə səyyar xidmət göstərilib
Şərur, 19 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası istiqamətində işlər uğurla davam etdirilir.
Muxtar respublikanın Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sərəncamın icrası istiqamətində görülən işlər çərçivəsində Dövlət İmtahan Mərkəzinin əməkdaşları və Naxçıvan Gənclər Fondunun könüllülərindən ibarət səyyar xidmət qrupu iyulun 15-18-də Şərur və Ordubad Rayon Təhsil şöbələrinin inzibati binasında həmin rayonlarda yaşayan sakinlərə xidmət göstəriblər.
Səyyar xidmət zamanı işə qəbul üçün elan edilmiş müsabiqələrdə vətəndaşların iştirakını təmin etmək məqsədilə, ümumilikdə, 8 istiqamət üzrə qeydiyyatdan keçməkdə çətinlik çəkənlərə operativ köməklik göstərilib. Belə ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə, müəllimlərin dövlət ümumtəhsil müəssisələrinə, Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinə, AMEA Naxçıvan Bölməsinə, dövlət qulluğu üzrə inzibati vəzifələrin 5-7-ci təsnifatına, Səhiyyə və Mədəniyyət nazirliklərinin tabeliyindəki müəssisələrə və dövlət musiqi təhsili müəssisələrinə keçiriləcək müsabiqədə iştirak etmək üçün Şərur və Ordubad rayonlarında yaşayan, ümumilikdə, 118 namizəd iki gün ərzində qeydiyyatdan keçib.
Xidmətin həyata keçirilməsi zamanı könüllülər təlimlərdə əldə etdiyi bilikləri tətbiq edərək mərkəzin əməkdaşının müşayiəti ilə vətəndaşlarla birbaşa ünsiyyətdə olub, onlardan müsabiqədə iştirak etmək üçün lazımi sənədləri qəbul edib və qeydiyyatdan keçirərək müsabiqədə iştiraklarını təsdiq ediblər. Həyata keçirilən xidmət vətəndaşlar tərəfindən razılıqla qarşılanıb.
Qeyd edək ki, rayonlarda həyata keçirilən səyyar xidmət layihəsinin məqsədi vaxt və maliyyə itkisinin qarşısının alınması, rayonlarda yaşayan, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən, Dövlət İmtahan Mərkəzinin inzibati binasına gələ bilməyən vətəndaşlara səyyar elektron xidmət göstərməkdir. Səyyar xidmətin təşkili vətəndaşların müraciətlərini operativ şəkildə cavablandırmağa, sənədləşmə işlərinin yerində və qısa zamanda həll edilməsinə imkan yaradır.