Şərurda fərdi yaşayış evində yanğın baş verib
Naxçıvan, 31 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur rayonunun Muğanlı kəndində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb ediliblər.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.
Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 144 kvadratmetr olan yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları, hamam otağı, mətbəx və digər 2 otaq yanaraq yararsız hala düşüb, 64 kvadratmetr olan 2 otaq içərisindəki əşyalarla birlikdə yanğından mühafizə edilib.