SİYASƏT
“Səs” qəzetində Milli Qurtuluş Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də Milli Qurtuluş Günü münasibətilə “Səs” qəzetinin redaksiyasında “dəyirmi masa” keçirilmişdir.
Redaksiyadan AZƏRTAC-a bildirmişlər ki, “dəyirmi masa”nı açan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü il 15 iyun tarixinin ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd edildiyini xatırlatmış, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində ümummilli liderin əvəzsiz xidmətlərindən danışmışdır.
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə nəzər salan Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü Kərim Kərimov 15 iyunun ölkəmizin tarixinə şərəfli səhifə kimi daxil olduğunu vurğulamışdır. Xalqımız çox haqlı olaraq, bu günü Milli Qurtuluş Günü kimi bayram edir. Çünki 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkə tarixində yeni bir mərhələnin başlanğıcı olmuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə yürütdüyü uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva Heydər Əliyevin digər sahələr kimi, elmin və mədəniyyətin inkişafına da böyük diqqət yetirdiyini vurğulamışdır. Biz ulu öndər Heydər Əliyevə ona görə borcluyuq ki, bu böyük tarixi şəxsiyyət hakimiyyətə qayıdışı ilə müstəqilliyimizi, bütövlükdə Azərbaycanımızı xilas etmişdir. Azərbaycanın müstəqilliyinin ilk illərində digər sahələr kimi, elmin və mədəniyyətin də acınacaqlı vəziyyətdə olduğunu xatırladan deputat ulu öndərin hakimiyyətə qayıdışından sonra bu istiqamətdə də mühüm tədbirlərin həyata keçirildiyini vurğulamışdır. Məhz bu tədbirlər nəticəsində qısa müddətdə Azərbaycanda elmin, təhsilin və mədəniyyətin inkişafı vüsət almağa başlamışdır.
Bu günün Azərbaycan xalqının yaddaşına ömürlük həkk olunduğunu deyən YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov bildirmişdir ki, Azərbaycan parçalanmaq, öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı məqamda xalq ulu öndər Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etmişdir. Vurğulanmışdır ki, ölkədə qardaş qırğınının qarşısını alınması istiqamətində ulu öndərin göstərdiyi səylər Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır.
Politoloq Cümşüd Nuriyev çıxışında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə mühüm islahatların aparıldığını, özəlləşdirmə siyasətinin, demokratik dövlət quruculuğu istiqamətində mühüm hüquqi bazanın yaradıldığını vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycanın ağır günündə xalqın təkidli tələbini qəbul edib hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratmışdır.
YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməyə başladığı diqqətə çatdırmışdır. Heydər Əliyevin böyük siyasi iradəsi, qətiyyəti, müdrikliyi, Azərbaycana bəslədiyi hədsiz sevgisi və məhəbbəti sayəsində ölkəmizin gələcək tərəqqisi üçün elə etibarlı bünövrə yaradılmışdır ki, hazırda respublikamız bu sağlam təməl üzərində sürətlə inkişaf edir.