MƏDƏNİYYƏT
“Səsin sehri” adlı audiodiskin təqdimatı olmuşdur
Bakı, 14 iyun (AZƏRTAC). İyunun 14-də Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) Xalq Artisti, Dövlət mükafatı laureatı, professor Həsənağa Turabovun 75 illik yubileyinə həsr olunmuş “Səsin sehri” adlı audiodiskin təqdimatı olmuşdur.
AZƏRTAC xəbər ki, Azərbaycan teatrının 140 və ATXİ-nin 115 illiyi silsiləsindən təşkil edilmiş tədbirdə görkəmli sənətkar Həsənağa Turabovun mənalı ömür yolu və teatr sənətinin inkişafı ilə bağlı gördüyü çoxsaylı işlərdən söz açılmışdır.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artist Azərpaşa Nemətov, Xalq Artisti Əminə Yusifqızı və başqaları çıxış edərək H.Turabovun sənət yolundan söz açmış və onunla bağlı xatirələrini bölüşmüşlər.
Bildirilmişdir ki, yaradıcılığa Azərbaycan Televiziyasında diktor kimi başlayan Həsənağa Turabov sonralar teatr və kino aktyoru kimi şöhrət tapsa da, bədii qiraətə çox bağlı olmuş və zaman-zaman klassik ədəbiyyatımızın ən gözəl incilərini lentə yazdırmışdır. Bu gün teatr ictimaiyyətinə təqdim olunan diskdə Nizami Gəncəvi, Əfzələddin Xəqani, İmaməddin Nəsimi, Məhəmməd Füzuli və digər söz ustadlarının qəzəlləri ilə yanaşı, C.Məmmədquluzadənin “Ölülər” əsərindən kefli İsgəndərin, U.Şekspirin “Hamlet” faciəsindən Hamletin və H.Cavidin “Xəyyam” pyesindən Xəyyamın monoloqları daxil edilmişdir.