SİYASƏT
Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyi Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyəcəkdir
Bakı, 30 yanvar (AZƏRTAC). Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev bu ölkənin səhiyyə naziri Abdullah Al Rabeeah ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə iki ölkə arasında münasibətlərin ənənəvi dostluq xarakter daşıdığı qeyd edilmiş və səhiyyə sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində gedən inkişaf prosesləri barədə məlumat verən diplomat Səudiyyə Ərəbistanı Krallığının beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizə verdiyi dəstəyə görə təşəkkürünü bildirmişdir.
Rasim Rzayev Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında bir çox sahələrdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu vurğulamış və bu əməkdaşlığın genişlənməsi istiqamətində gələcək illərdə daha intensiv şəkildə fəaliyyətin aparılmasına tərəfdar olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, ölkələrimizin səhiyyə sahəsində rəsmilərin qarşılıqlı səfərlərinin təşkili, professor-müəllim heyəti və tələbə mübadiləsi, habelə elmi-tədqiqat institutları arasında əlaqələrin yaradılması zəruridir.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair geniş məlumata malik olduğunu və Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyi daim ölkəmizin haqlı mövqeyini dəstəkləyəcəyini bildirmişdir.
Səfir Rasim Rzayev nazir Abdullah Al Rabeeahı Azərbaycana səfərə dəvət etmişdir.