DÜNYA
Səudiyyə Ərəbistanı qlobal neft bazarında sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcək
Qahirə, 21 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanı hesab edir ki, postpandemiya dövründə iqtisadiyyatın dirçəlməsində təkcə bərpaolunan enerji mənbələrindən deyil, karbohidrogen ehtiyatlarından da geniş istifadə etmək lazımdır. Hazırda dünyada yaranmış gərgin siyasi proseslər fonunda “OPEC+” ölkələri ilə birlikdə qlobal neft bazarında sabitliyin qorunması mühüm amildir.
AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Ər-Riyadda Beynəlxalq Neft Texnologiyaları Konfransındakı (IPTC) çıxışında Səudiyyə Ərəbistanının enerji naziri Əbdüləziz bin Salman bin Əbdüləziz söyləyib. O bildirib ki, OPEC və “OPEC+” 2020-ci ildən bəri qlobal enerji bazarlarında sabitliyə nail olmaq istiqamətində böyük uğurlar əldə edib, neft və qaz qiymətlərinin təhlükəli həddə qədər düşməsinin qarşısı alınıb. Ötən ilin ortalarından isə qlobal iqtisadiyyatın dirçəldilməsi üçün enerji sabit təchizatı şəffaf şəkildə təmin edilib.
Dünya bazarlarında xam neftin qiymətinin artmasını şərh edən səudiyyəli nazir qeyd edib ki, bunun əsas səbəbi son illər enerji sektoruna qoyulan sərmayələrin kəskin şəkildə azalmasıdır. O əlavə edib ki, Səudiyyə Ərəbistanı neft sektoruna sərmayələrin həcmini artırmaqla yanaşı, karbon qazı emissiyasının azaldılması məqsədilə bərpaolunan enerji mənbələri üzrə də yeni layihələr həyata keçirir. Belə ki, 2030-cu ilədək bu ölkədə elektrik enerjisi istehsalının 50 faizinin, 2060-cı ildə isə tamamının həmin mənbələr hesabına əldə olunması nəzərdə tutulur.
Səudiyyəli nazir vurğulayıb ki, Ukrayna ətrafında gərginliyin daha da artacağı təqdirdə, Səudiyyə Ərəbistanı öz tərəfdaşları ilə birlikdə qlobal bazarda neft tədarükünü tənzimləməyi planlaşdırır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə