DÜNYA
Səudiyyə Ərəbistanı şahzadəsi 500 milyon dollara təyyarə almışdır
Bakı, 11 aprel (AZƏRTAC). Səudiyyə Ərəbistanı Kralının ailə üzvü və dünyanın varlı insanlarından biri şahzadə əl-Valid ibn Təlal bin Əbdüləziz Al Səud bir neçə il gözlədikdən sonra, nəhayət, öz sifarişinin bəhrəsini - 500 milyon dollarla başa gələn dəbdəbəli Airbus A-380 şəxsi təyyarəsini görəcəkdir.
Biznes-cet heyrət doğurur. Təyyarədə superkarlar üçün qaraj, tövlə və s. vardır.
Jurnalistlərin “Ərəbistanın Uorren Baffeti” adlandırdıqları şahzadə əl-Valid Airbus A-380 təyyarəsini hələ 2007-ci ildə sifariş vermişdir. İndi isə dünyanın ən bahalı biznes-ceti öz sahibini gözləyir.
Özlüyündə yeganə olan təyyarədə iki Rolls-Royce avtomobili üçün qaraj, atlar və dəvələr üçün tövlə, qırğı quşları üçün xüsusi yer və namaz otağı vardır. Fırlanan namaz otağı daim Məkkəyə istiqamətlənir.
Şübhə yoxdur ki, bu təyyarə dünyanın ən güclü insanları üçün həsəd obyektinə çevriləcəkdir. Biznes-cet barədə bundan əvvəl də yazan KİV-lər diqqəti maraqlı bir fakta cəlb etmişlər: Səudiyyə Ərəbistanı şahzadəsi hava gəmisini qızıla tutmağı əmr etmişdir və bu, ona təxminən 60 milyon dollara başa gəlmişdir.
Həmçinin bildirilir ki, təyyarə hovuz, sauna və idman zalı ilə təchiz ediləcək, yeməkxanasına mərmər döşənəcəkdir.