İQTİSADİYYAT
Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatının azaldılmasının daha 9 ay davam etməsinin tərəfdarıdırlar
Bakı, 15 may, Nihad Budaqov, AZƏRTAC
Səudiyyə Ərəbistanı və Rusiya Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi digər neft istehsalçılarının hasilatın azaldılmasına dair sazişin müddətinin daha 9 ay uzadılmasının tərəfdarıdırlar.
AZƏRTAC “bloomberg.com”a istinadla xəbər verir ki, bu bəyanatla Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih və Rusiyanın energetika naziri Aleksandr Novak Pekində keçirdikləri mətbuat konfransında çıxış ediblər.
Səudiyyəli nazir neft hasilatının azaldılmasının uğurla icra edildiyini, lakin qlobal ehtiyatların hələ də OPEC və müttəfiqlərinin hədəflədikləri səviyyəyə geriləmədiyini bildirib.
Nazirlər sazişin və neft hasilatının azaldılmasının 2018-ci ilin ilk rübünün sonuna qədər davam etdirilməsi barədə razılığa gəldiklərini açıqlayıblar.
Xatırladaq ki, OPEC üzrə gündəlik neft hasilatının 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə edilib. Bundan başqa, OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən də Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması, yaxud digər başqa bir qərarın qəbulu OPEC Nazirlər Şurasının mayın 25-də Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.