DÜNYA
Səudiyyə Ərəbistanının kralı vəfat edib VİDEO
Bakı, 23 yanvar, AZƏRTAC
Keçən il 90 yaşını qeyd edən İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud yanvarın 23-də gecə saatlarında vəfat edib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Kral Abdullah dekabrın 31-də ağciyər infeksiyası səbəbi ilə Ər-Riyad xəstəxanalarının birinə yerləşdirilmişdi. 2010-cu ildən bu yana bir neçə dəfə onurğasından əməliyyat olunan kralı vəzifədə qardaşı 75 yaşlı vəliəhd Salman bin Əbdüləziz Al Səud əvəz edirdi. Hazırda o, rəsmən Səudiyyə Ərəbistanının 7-ci Kralı, İki Müqəddəs Ocağın Xadimi elan olunub.
Yeni kralın vəliəhdi isə Səudiyyə Ərəbistanı Krallığının banisi kral Əbdüləzizin daha bir oğlu, 69 yaşlı şahzadə Məkrin bin Əbdüləziz olub.
Xarici KİV-də yayılan məlumatlara görə, kralın vəfatı ilə əlaqədar ölkədə 40 günlük matəm elan olunub. Mərhumun cənazəsi yanvarın 23-də torpağa tapşırılacaq.