İQTİSADİYYAT
Səudiyyəli nazir: Neft istehsalının azaldılması üzrə saziş ilin ikinci yarısını da əhatə edə bilər
Bakı, 27 fevral, AZƏRTAC
OPEC və qeyri-OPEC üzrə neft hasilatının azaldılmasına dair saziş bu ilin ikinci yarısını da əhatə edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih deyib.
O bildirib ki, ABŞ-ın neft ehtiyatları əlavə tədarüklə çoxalır, bu təchizat artımının azaldılması Səudiyyə Ərəbistanının bazarın balanslaşdırmaq cəhdlərinin əsas tərkib hissəsidir: “Neft tələbatı ilin ikinci yarısında artacaq, çünki bazar OPEC+ üzrə hasilatın azaldılmasına reaksiya verdi. Bazarı boş buraxmağın dağıdıcı təsirləri olacaq. Bu, volatilliyə də səbəb olacaq. OPEC+ ölkələri mövcud kvotaları dəyişdirməyəcək şəkildə bağlı deyillər. Səudiyyə Ərəbistanı martda neft hasilatını daha çox azaltmağı planlaşdırır. Neft istehsalının azaldılmasına dair saziş isə ilin ikinci yarısını da əhatə edə bilər”.
Xatırladaq ki, ötən ilin dekabrında OPEC və OPEC+ üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Bu ilin yanvar ayından qüvvədə olan və 6 ayı əhatə edən bu qərar üzrə Azərbaycan gündəlik hasilatını 20 min barrel azaltmaqla bağlı öhdəlik götürüb.
Qeyd edək ki, martın 17-18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci iclası və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçiriləcək.