DÜNYA
Seul merinin rəqəmsal kabineti: şəhər interaktiv sistemlə idarə olunur
Bakı, 20 iyun, AZƏRTAC
Koreya Respublikasının paytaxtı Seulun meri Pak Von Sun jurnalistlərə şəhərin idarə olunmasının yüksək texnologiyalı interaktiv sistemini (Seoul Live) təqdim edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sistemi həm kompüter “siçanı”nın, həm də səs və jestlərin köməyi ilə idarə etmək olur. O, real vaxtda yol-nəqliyyat hadisəsi, yanğın, yollardakı vəziyyət, hava və suyun keyfiyyəti, bazar və mağazalarda qiymətlərin səviyyəsi barədə məlumatları əks etdirir, hətta KİV-in monitorinqini aparır. İnformasiya hər 10 dəqiqədən bir yenilənir.
Sistem, həmçinin məsul şəxslərlə operativ və birbaşa əlaqə qurmağa və onlara tapşırıqlar verməyə imkan yaradır. Bundan əlavə, rəqəmsal kabinetin köməyi ilə küçələrdəki videomüşahidə kameralarına qoşulmaq və vəziyyəti canlı olaraq izləmək mümkündür.
Mer jurnalistlərə sistemin praktik olaraq necə işlədiyini də göstərib. Onun sözlərinə görə, artıq bu sistemdən dövlətin idarə olunmasında istifadə etmək, gələcəkdə isə onun digər ölkələrə ixracını həyata keçirmək məsələsinə baxılır.