REGİONLAR
Sevil nənə: Odunla sac üstündə bişirilən lavaşın ləzzəti bambaşqa olur VİDEO
Ağstafa, 10 dekabr, Famil Quliyev, AZƏRTAC
Yaşı bilinməyən milli çörək növlərimizdən biri də UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilən lavaşdır. Ta qədimdən bu çörək növü ölkəmizin bütün bölgələrində, xüsusən də qərb rayonlarında sevilə-sevilə bişirilməkdə və süfrələrimizi bəzəməkdədir.
Bu qədim ənənə bu gün də kəndlərimizdə yaşadılır və nəsildən-nəslə ötürülür. Hər kəsin ocağında isti sac qurulur, üzərində xəmir kündələrindən yayılan lavaşlar hazırlanır. Ölkəmizin bir çox yerində lavaşı özünəməxsus formada adlandırırlar. Qərb bölgəsində isə lavaşa “yuxa” və ya “fətir” deyirlər. Bu lavaş növlərinin bir-birindən fərqi isə onun qalınlığındadır. Yuxa lavaşın nazik formasıdır.
Ağstafa rayonunun Dağkəsəmən kənd sakini, 70 yaşlı Sevil nənə nəvə-nəticələri, qonaq üçün süfrələrdə lavaşın yerinin ayrı olduğunu, daha çox sevildiyini və iştahla yeyildiyini deyir. O, AZƏRTAC-a bildirib ki, sadə üsulla hazırlanan lavaş üçün un, duz və su yetərlidir: “Lavaşın bəzi növlərini quru halda həftələrlə, hətta aylarla saxlamaq mümkündür. Sacdan götürdükdən bir neçə dəqiqə sonra quruyan lavaşın üzərinə istifadədən əvvəl azca su çilənir ki, yumşalsın. İçərisinə pendir, şor, qaymaq doldurulub yeyilir və bu, dürmək adlandırılır. Ən çox da bunu uşaqlar xoşlayır. Yay aylarında evlərdə demək olar ki, gündəlik sac qurulur, lavaş bişirilir. Bu çörək növü təndirdə də bişirilir. Amma odunla sac üstündə bişirilən lavaşın ləzzəti bambaşqa olur”.
Vaxtilə qadınlar çoxlu lavaş bişirmələri ilə öyünərdilər. Sevil nənə də cavanlığında bir sac quranda 100-120 lavaş bişirdiyini xatırlayır. Deyir ki, sovet hakimiyyəti illərində ermənilər süfrələrimizdəki lavaşa təəccüblə və xainliklə baxar, hətta onlara da lavaş bişirməyi öyrətməyi xahiş edərdilər. İndi isə lavaşımızı öz adlarına çıxarmağa çalışırlar.
Qeyd edək ki, lavaş orqanizm üçün də faydalıdır. Tərkibində qabardıcı və digər zərərli maddələr olmadığından mədə və həzm sistemi üçün xeyirlidir.