MƏDƏNİYYƏT
Səyavuş Kərimi: Azərbaycanın bu müsabiqədə də qalib olacağına inanıram
Bakı, 13 mart (AZƏRTAC). Muğamımız o qədər yüksək səviyyədə inkişaf edib ki, Azərbaycanın bu müsabiqədə də qalib olacağına inanıram.
Bu sözləri “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” mövzusunda Beynəlxalq elmi simpoziumda iştirak edən Xalq Artisti Səyavuş Kərimi AZƏRTAC-a müsahibəsində demişdir.
Xalq Artisti festivala 24 ölkədən iştirakçıların qatıldığını, burada həm simpozium, həm konsert, həm də müsabiqə iştirakçılarının olduğunu bildirmişdir. O, birinci və ikinci beynəlxalq muğam festivallarından fərqli olaraq bu dəfə onun coğrafiyasının daha da genişləndiyini söyləmiş və növbəti festivallarda muğam musiqisi ilə maraqlanan qonaqların sayının daha da artacağına əminliyini bildirmişdir.
Səyavuş Kərimi festival çərçivəsində keçiriləcək müsabiqənin münsiflər heyətinə sədrlik etdiyini, xanəndələrin seçimində münsiflər heyətinin üzvü kimi Azərbaycandan xalq artistləri Arif Babayev və Ağaxan Abdullayevin, instrumental ifaçıların seçimində isə Əməkdar İncəsənət Xadimi Nazim Kazımov və Xalq Artisti Ağasəlim Abdullayevin iştirak etdiklərini vurğulamışdır.