SƏYLƏRİ BİRLƏŞDİRMƏK VACİBDİR
AZƏRTAC xəbər verir ki, məişət və sənaye tullantılarının utilləşdirilməsi probleminə həsr olunmuş seminarda vurğulanmışdır ki, ekoloji vəziyyətin yaxşılaşdırılması işinə həm dövlət, həm də ictimaiyyət (qeyri-hökumət ekologiya təşkilatları, KİV-lər və s.) tərəfindən nəzarət edilməlidir. Lakin təcrübə göstərir ki, heç də bütün təşkilatlar və qeyri-rəsmi şəxslər üzərlərinə eyni dərəcədə məsuliyyət götürmürlər.
Nazirliyin hüquq şöbəsinin müdiri Mahir Məmmədov bildirmişdir ki, hüquq və vəzifələr mövzusu bu gün çox aktualdır, çünki ekologiyaya vurulan ziyanla bağlı hadisələrin çoxu “xeyirxahlar”ın öz mənfəətlərini güdmələri ilə əlaqədardır. Bundan əlavə, hüquqi biliklərin yoxluğu üzündən vətəndaşlar çox vaxt şəhərdə ağac kəsilməsi kimi bir məsələyə görə nazirliyə müraciət edirlər, halbuki Bakıdakı yaşıllıqlara görə Yaşıllıq Təsərrüfatı Tresti cavabdehdir və nazirliyin nəzarətində olan meşə fonduna bu bitkilərin aidiyyəti yoxdur.
M.Məmmədov demişdir ki, vətəndaş məsuliyyəti müvəqqəti və ya yerliçilik xarakteri daşımamalıdır. Təkcə “öz pəncərənin altındakı” ağac üçün narahat olmaq düzgün deyildir, çünki müəssisələr ictimaiyyətin biganəliyi nəticəsində digər rayonlarda ekologiyaya ziyan vurmaqda və məhkəmədə cərimə davasına çıxmaqda davam edirlər.
H.Məmmədov tullantıları təkrar edən zavodlarının tikintisi ilə əlaqədar sualların cavabında demişdir ki, Dünya Bankı təkliflər göndərmişdir, lakin yerli mütəxəssislərin hazırladıqları layihələr daha mükəmməldir.
Seminarda dövlət qurumlarının və ictimai qurumların bütün potensialını birləşdirmək, əlaqədə işləmək çağırışı səslənmişdir. Bu, dövlətimizin başçısı İlham Əliyevin ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş müşavirədə toxunduğu problemləri daha səmərəli həll etməyə imkan verəcəkdir.