ŞEYXÜLİSLAMLA GÖRÜŞ
Dini idarənin başçısı hörmətli qonağı və nümayəndə heyətinin üzvlərini salamlayaraq, Azərbaycana səfərin və Prezident İlham Əliyevlə görüşün dövlətlərimiz arasında mehriban münasibətlərin inkişafının təzahürü kimi qiymətləndirmişdir. O demişdir ki, Çin çoxmillətli və çoxdinli ölkədir. Azərbaycan ərazicə Çin kimi böyük olmasa da, çoxmillətli ölkədir, burada bütün əsas konfessiyalar – İslam, xristian və yəhudi dinləri əsrlərdən bəri mövcuddur.
Cənab Li Çjaosin Azərbaycana ilk səfərindən və Prezident İlham Əliyevlə, xarici işlər naziri ilə görüşlərindən məmnunluğunu ifadə edərək bildirmişdir ki, dost xalqlarımız, ölkələrimiz arasında münasibətlər bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.
Nazir demişdir: “Mən sizinlə razılaşa bilmərəm ki, Azərbaycan kiçik ölkədir. Sizin ölkəniz çox qədim tarixə və mədəniyyətə malikdir, bu baxımdan da o, böyük ölkədir. Bizə məlumdur ki, İkinci Dünya müharibəsi illərində Bakı nefti olmasaydı, Sovet İttifaqı faşist Almaniyasına qalib gələ bilməzdi. Biz öz gənclərimizi buraya təhsil almağa göndəririk. Azərbaycanda idman sürətlə inkişaf edir, idmançılarınız son Olimpiadada uğurla mübarizə apardılar. Bütün bunlar göstərir ki, Azərbaycan inkişaf edir və onun gözəl gələcəyi var”.
Görüşdə iştirak edən Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr ata, Azərbaycanın dağ yəhudiləri icmasının başçısı Semyon İxiilov vurğulamışlar ki, yüksək tolerantlıq Azərbaycan cəmiyyətinin səciyyəvi xüsusiyyətidir. Bu, Azərbaycan xalqının mentalitetindən irəli gəlir və ölkə rəhbərliyi tərəfindən dəstəklənir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev çoxmillətliliyi ölkənin sərvəti adlandırmışdır.
Görüşün sonunda şeyxülislam və ÇXR-in xarici işlər naziri bir-birinə xatirə hədiyyələri təqdim etmişlər.
Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev və Çinin ölkəmizdəki səfiri Çjan Siyun görüşdə iştirak edirdilər.