CƏMİYYƏT
Səyyar “ASAN xidmət” davam edir
Bakı, 4 fevral, AZƏRTAC
Səyyar “ASAN xidmət” fevralın 1-dən 25-dək Şirvan, Şəmkir, Xırdalan, Xaçmaz, Cəlilabad, Goranboy, Göyçay, Ağstafa, Qax, Zaqatala, Biləsuvarda vətəndaşlara səyyar formada xidmət göstərir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səyyar şəkildə göstərilən xidmətlərə funksional yardımçı xidmətlər, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunan xidmətlər aiddir.
Həmin xidmətlərə notariat fəaliyyəti (Qax, Zaqatala, Cəlilabadda istisna olmaqla), vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi (Qax, Zaqatala, Cəlilabadda istisna olmaqla), mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), tərcümə xidməti (Qax, Zaqatala, Cəlilabad, Göyçay və Ağstafada istisna olmaqla), tibb xidməti aiddir.
Qeyd edək ki, səyyar “ASAN xidmət” avtobuslarında göstərilən mütəmadi xidmətlərlə yanaşı, Cəlilabad, Zaqatala və Qax rayonlarında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında Fərmanının icrası ilə əlaqədar torpaq üzərində mülkiyyət hüquqları rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının qeydiyyata alınması və dövlət reyestrindən çıxarışların, torpaq sahələrinin plan və ölçülərinin təqdim olunması xidməti də həyata keçirilir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.