SİYASƏT
SƏYYAR QƏBULLAR ZAMANI LAÇINLILAR DOĞMA YURDA QAYIDACAQLARINA İNAMLARINI BƏYAN EDİRLƏR
Ağcabədi, 7 noyabr (AZƏRTAC). Ağcabədi və Laçın Rayon İcra Hakimiyyətlərinin (RİH) başçıları Şahin Məmmədov və Ramiz Cəbrayılov laçınlı məcburi köçkünlər üçün səyyar qəbul təşkil etmişlər.
Hindarx qəsəbəsində keçirilən qəbulda hər iki rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi icra nümayəndələri və laçınlı məcburi köçkünlər iştirak etmişlər.
Vətəndaşların müraciətləri dinlənildikdən sonra qaldırılmış məsələlərin qısa zamanda həlli üçün əlaqədar orqanların təmsilçilərinə tapşırıqlar verilmişdir.
Ramiz Cəbrayılov və Şahin Məmmədov son illər Ağcаbədi rayonunda, o cümlədən laçınlıların daha sıx məskunlaşdıqları Taxtakörpü ərazisində aparılan geniş quruculuq və abadlıq işlərindən, məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmışlar.
Məcburi köçkünlər onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər. Çıxışlarda əminliklə vurğulanmışdır ki, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində işğal altındakı bütün torpaqlarımız tezliklə azad ediləcək və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.