Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün bütün imkanlara malikdir
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun AzərTAc-a müsahibəsi

Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün bütün imkanlara malikdirAzərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun AzərTAc-a müsahibəsi

Bakı, 24 iyun (AZƏRTAC). İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü tamam olur.

AZƏRTAC bu əlamətdar bayram münasibətilə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovdan aldığı müsahibəni təqdim edir.

- Cənab nazir, ilk növbədə, Sizi və Milli Ordumuzun şəxsi heyətini 26 iyun - Silahlı Qüvvələrimizin yaradılmasının 96-cı ildönümü münasibətilə ürəkdən təbrik edir, Sizə işinizdə uğurlar arzulayırıq. Sualımız Silahlı Qüvvələrimizin hazırkı vəziyyəti, aparılan islahatlar və əldə olunan nailiyyətlərlə bağlıdır. Siz, Silahlı Qüvvələrimizin bugünkü potensialını necə qiymətləndirirsiniz?

- Təbrikinizə görə minnətdarlığımı bildirirəm. Bu bayram ancaq hərbçilərin deyil, ümumiyyətlə, bütün Azərbaycan xalqının bayramıdır. Bu səbəbdən də mən, ilk növbədə, bütün xalqımızı bu əlamətdar bayram münasibətilə təbrik edirəm.

Silahlı Qüvvələrimizin hazırkı vəziyyətinə gəlincə, o tam döyüş qabiliyyətlidir. İstənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Orduda aparılan islahatlar onun əməliyyat, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə yeni şərait yaratmışdır.

Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, müstəqil dövlətin güclü ordusu olmalıdır. Güclü ordu müstəqil və suveren dövlətin dayağı və əsasıdır, onun onurğa sütunudur. Ulu Öndər xüsusi olaraq qeyd edirdi ki, Azərbaycan Silahlı Qüvvələri 1918-ci ildə yaradılmış Cümhuriyyət Ordusunun varisidir.

Məhz ümummilli lider Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir. Bu tarixin Silahlı Qüvvələr Günü elan edilməsi Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası və tarixilik baxımından böyük əhəmiyyətə malikdir. Məlumdur ki, 1918-ci ildə ölkəmiz müstəqillik əldə etdikdən sonra onun apardığı ordu quruculuğu prosesi Azərbaycana qarşı torpaq iddiaları ilə çıxış edən işğalçı Ermənistanla müharibə şəraitində keçmişdir. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra da tarix təkrar olunmuşdur. Azərbaycan Silahlı Qüvvələri işğalçı Ermənistanın ölkəmizə qarşı apardığı elan olunmamış müharibənin gedişində yaranmağa və formalaşmağa başlamışdır.

Lakin təəssüflə qeyd edilməlidir ki, 1993-cü ilin iyun ayınadək nizami Silahlı Qüvvələrimiz tam yaradılmamışdır. Bu, yalnız ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra mümkün olmuşdur.

Bu gün biz bu tarixi həqiqəti bir daha etiraf etməliyik ki, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan Silahlı Qüvvələri quruculuğunun və eyni zamanda, hərbi təhsil müəssisələrinin yenidən yaradılmasının başlanğıcı olmuşdur.

Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir.

Silahlı Qüvvələrin potensialının artırılmasının əsasında dövlətimizin və onun rəhbərliyinin göstərdiyi diqqət və qayğı dayanır. Hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Qısa zamanda hərbi büdcəmiz 20 dəfədən çox artmışdır.

Bu baxımdan 2014-cü il üçün dövlət büdcəsində baş vermiş dəyişikliklərə diqqət yetirmək kifayətdir. Ölkəmizin 2014-cü ilə nəzərdə tutulan hərbi xərcləri 2013-cü ilə nisbətən 7,1 faiz artırılıb. Ermənistanın hərbi xərcləri isə Azərbaycanın 2014-cü ildə dövlət büdcəsində müdafiə xərcləri bölməsi üzrə nəzərdə tutduğu vəsaitdən 5,3 dəfə azdır.

Son on il ərzində əldə edilmiş silah-sursat, hərbi texnika Ermənistan ilə Azərbaycan arasında hərbi sahədəki pariteti bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişmişdir. Eyni zamanda, Azərbaycanda hərbi sənaye kompleksinə aid onlarla müəssisə fəaliyyətə başlamışdır.

Bundan əlavə, dövlətimiz Silahlı Qüvvələrimizin əsaslı surətdə gücləndirilməsi, qoşunların maddi-texniki təminatının keyfiyyətinin hərtərəfli və fasiləsiz yüksəldilməsi məqsədilə yeni silahların, texnikaların, trenajorların alınması, hərbi hissələrə verilməsi istiqamətində işlər aparır.

Biz zirehli texnikaların, aviasiya vasitələrinin, döyüş imkanlarına malik digər texnikaların keyfiyyət baxımından əsaslı təmirini və modernləşdirilməsini yerinə yetirir, müəyyən olunmuş inkişaf proqramı üzrə fəaliyyətləri həyata keçiririk.

Son dövrdə ən müasir “Smerç” yaylım atəşli reaktiv sistemləri, “Toçka-U” taktiki raket kompleksləri, “BUK-1MB” zenit-raket kompleksləri, “T-90S” tankları, “TOS-1A” ağır odatan sistemləri, “MSTA-S” özüyeriyən artilleriya haubitsaları, özüyeriyən “Pion” topları, o cümlədən ölkəmizdə istehsal olunan “Şahin” və “Qaranquş” pilotsuz uçuş aparatları silahlanmaya qəbul edilmişdir.

Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələrinin adı dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları sırasında çəkilir.

- Aydındır ki, Ordunun vəziyyəti təkcə müasir döyüş texnikası, silah-sursatla deyil, həm də ondan bacarıqla istifadə edən şəxsi heyətin hazırlığı, peşəkarlığı ilə səciyyələndirilir. Bu baxımdan Silahlı Qüvvələrimizin kadr siyasəti istənilən səviyyədədirmi?

- Silahlı Qüvvələrin kadr siyasəti Azərbaycan Respublikasının hərbi qanunvericilik aktlarının tələblərinə, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının göstəriş və sərəncamları, müdafiə nazirinin əmr və direktivlərinə uyğun olaraq yerinə yetirilir.

Bəli, savadlı, bacarıqlı və müasir döyüş üsullarının icrasına yiyələnmiş, eyni zamanda, milli adət-ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmuş və yüksək döyüş əzminə malik kadrların yetişdirilməsi Silahlı Qüvvələrin rəhbərliyinin diqqət mərkəzindədir.

Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi kadrların düzgün seçilməsi, yerləşdirilməsi və planlı surətdə təlimlərin keçirilməsindən çox asılıdır. Silahlı Qüvvələrdə müasir dövrün tələblərinə uyğun olaraq aparılan kadr siyasətinin əsas məqsədi qoşunların yüksək hərbi hazırlığa malik zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsindən ibarətdir.

Ölkənin müdafiə qabiliyyətinin artırılmasının əsas istiqamətlərindən biri hərbi kadrların təhsili, onların intellektinin inkişafı məsələsidir. Bu gün Silahlı Qüvvələrimizdə güclü potensiala malik xüsusi təyinatlı tədris müəssisələrimiz mövcuddur və orada müasir standartlara uyğun şəkildə zabit kadrları hazırlanır.

Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətinin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Çünki bu işlər vahid komandanlıq və müəyyən olunmuş plan əsasında həyata keçirilir.

Silahlı Qüvvələrimiz üçün milli zabit kadrlarının hazırlanmasında hərbi təhsil müəssisələrinin işinin yenidən qurulması zəruridir. Elə bu məqsədlə də 1997-ci ildən başlayaraq, Silahlı Qüvvələrimizin təhsil sistemində müasir standartlara uyğun yeni proqramın tətbiq edilməsi Azərbaycan Silahlı Qüvvələri üçün daha bacarıqlı, peşəkar və ümumi hazırlığı yüksək olan zabit kadrlarının yetişdirilməsinə şərait yaratmışdır.

Milli zabit kadrları hazırlanmasının əsası isə 1971-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması ilə qoyulmuşdur. Bu gün məhz bu Liseyin məzunları Silahlı Qüvvələrimizin zabit heyətinin əsas hissəsini təşkil edir.

Silahlı Qüvvələrin Hərbi Akademiyasında magistr təhsil pilləsi üzrə qəbul həyata keçirilmişdir. Hərbi Akademiyanın Simulyasiya Mərkəzində komanda-qərargah təlimlərini yüksək səviyyədə keçirmək məqsədilə yeni kompyuter proqramı tətbiq edilmişdir.

Təhsil müəssisələrinin professor və müəllim heyəti ABŞ-ın, Türkiyənin, Litvanın, İordaniyanın, Pakistanın, o cümlədən NATO-nun hərbi-təhsil müəssisələrinin nümayəndələri ilə planauyğun şəkildə qarşılıqlı təcrübə mübadiləsi aparır.

Azərbaycan Silahlı Qüvvələrinin hazırda xaricdə təhsil alan hərbi qulluqçularının sayı 253 nəfər, Azərbaycanda təhsil alan xarici ölkələrin (Qazaxıstan, Qırğızıstan, Tacikistan) hərbi qulluqçularının sayı 37 nəfərdir.

Silahlı Qüvvələrimizin tələbatını nəzərə alaraq, Azərbaycan-NATO əlaqələri və ikitərəfli əməkdaşlığa əsasən digər dövlətlərin hərbi təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə kifayət qədər gənclərimiz təhsil alırlar.

Azərbaycan-NATO Birgə Təlim və Tədris Fəaliyyət Planına müvafiq olaraq Silahlı Qüvvələrin tədris müəssisələrinin tədris proqramlarının təkmilləşdirilməsi məqsədilə Hərbi Akademiyada “Müdafiə strategiyası və planlaşdırılması” adlı yeni fənn tədris proqramına əlavə edilmişdir.

- Cənab nazir, bayram ərəfəsində Silahlı Qüvvələrin şəxsi heyətinin indiki mənəvi-psixoloji durumu, qələbə əzmi və qələbəyə inamı sizi qane edirmi?

- Bütün zamanlarda dünyanın bütün ordularında hərbi xidmətin və qələbənin bütün ağırlığı sıravi əsgərin çiyinlərindədir. Azərbaycan Ordusunda da şəxsi heyətin qələbə əzminin və qələbəyə inamının gücləndirilməsi istiqamətində təsdiq edilmiş plan əsasında gündəlik iş aparılır. Bu, əsasən Müdafiə Nazirliyinin yeni yaradılmış Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən həyata keçirilir.

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə hərbi psixoloq sisteminin fəaliyyətinə yenidən baxılmışdır. Bu vəzifələrdə xidmət edən zabitlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, əsgərlərlə fərdi işin aparılması, psixoloji testlərin, anonim sorğuların keçirilməsi və digər fəaliyyətləri yerinə yetirirlər.

Bunlardan əlavə, Silahlı Qüvvələrin şəxsi heyəti ilə xalqımızın tarixi qəhrəmanlarının, İkinci Dünya müharibəsində Vətənimizin qəhrəman övladlarının, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində igidlik göstərmiş Milli qəhrəmanların həyat və fəaliyyətlərinin öyrənilməsinə dair dərslər keçirir. Bu məşğələlərdə Ermənistanın işğalçı siyasətinin mahiyyəti açılır. Azərbaycan əsgərinin isə yenilməzliyi, onun iradəsinin gücü və düşmənə qarşı nifrətinin hədsiz olması konkret misallarla göstərilir. Bu istiqamətdə Milli Qəhrəman Mübariz İbrahimovun göstərdiyi hünər və şücaətin misilsizliyi və bənzərsizliyi dönə-dönə əsgərlərimizin diqqətinə çatdırılır.

Yuxarıda qeyd etdiyim kimi, Ordumuzun döyüş ruhu, hazırlığı düşmənə cavab verməyə, ona qalib gəlməyə yetərlidir. Əsgərlərimizin mənəvi-psixoloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün bütün imkanlara malikdir.

- Müdafiə naziri vəzifəsində olduğunuz qısa dövrdə görülən işlər barəsində oxucularımıza məlumat verməyinizi xahiş edirəm.

- Ötən müddətdə görülən işlərin ən əsası Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2013-cü ilin dekabrında imzaladığı Fərmana əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamə, nazirliyin ştat strukturu və say tərkibinin təsdiq edilməsi olmuşdur.

Müdafiə Nazirliyi rəhbərliyinin döyüş bölgəsinə səfərləri və görülmüş tədbirlər nəticəsində düşmənlə təmas xətti boyu yerləşən hərbi hissələrin ehtiyat imkanları artırılaraq döyüş qabiliyyəti möhkəmləndirilmişdir. Nazirliyin tabeliyində olan bəzi hərbi hissələrin təşkilat-ştat strukturunun optimallaşdırılması həyata keçirilmişdir və bu proses indi də davam etməkdədir.

Cəbhə bölgəsində yerləşən birləşmələrin müasir döyüş texnikası ilə silahlandırılması hərbi hissələrin atəş gücünü və manevr qabiliyyətini artırmışdır. Silahların yenilənməsi məqsədilə qoşunlara daha müasir minaatan, tank əleyhinə idarə olunan raket, daşınan zenit-raket kompleksləri və müxtəlif markalı qumbaraatanlar verilmişdir.

Hərbi Hava Qüvvələrinin aviasiya parkının və hava hücumundan müdafiə sistemlərinin, o cümlədən Hərbi Dəniz Qüvvələri gəmilərinin döyüş hazırlığının artırılması ilə əlaqədar tapşırıqlar yerinə yetirilmişdir.

Təyyarəçilərin uçuş hazırlığının təkmilləşdirilməsi məqsədilə uçuşların və praktiki atışların sayı artırılmışdır. Naxçıvan Muxtar Respublikasının hava hücumundan müdafiəsini təkmilləşdirmək, qoşunların nəqliyyat və tibbi evakuasiya ehtiyaclarını təmin etmək məqsədilə Əlahiddə Ümumqoşun Ordusuna aviasiya texnikası çatdırılmışdır.

Döyüş mövqelərində yerləşən tibbi məntəqələrdə hərbi qulluqçuların müayinələrinin aparılmasını təmin etmək üçün səyyar diaqnostik laboratoriya, dağlıq şəraitdə hərbi qulluqçulara tibbi yardımın göstərilməsi üçün tırtıllı zirehli reanimobillər alınmışdır. Ağır yaralı və xəstələrə təcili tibbi yardım göstərilməsini təmin etmək üçün iki sanitar helikopter tam komplektləşdirilmiş və iki komplekt mobil hərbi hospital açılmışdır.

Müdafiə nazirinin tələbinə əsasən müasir ümumqoşun döyüşünün aparılması şəraiti nəzərə alınmaqla xidmətlərə dair müvafiq rəhbəredici sənədlərin işlənilməsi və təkmilləşdirilməsi prosesinə başlanılmışdır. Aparıcı dövlətlərin Silahlı Qüvvələrinin, xüsusilə NATO ölkələrinin bu sahədə təcrübəsindən istifadə olunaraq Silahlı Qüvvələrdə yeni tələblər və standartlar müəyyən edilmiş, qoşunların döyüş tapşırıqları dəqiqləşdirilmiş və korrektə edilmişdir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrində müqavilə əsasında gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək arzusunda olan vətəndaşlarımız hərbi hissələrin komandanlıqlarına müraciət etmək imkanı yaradılmışdır.

Ordu ona aid olmayan əlavə funksiyalardan - müxtəlif təsərrüfat, mühafizə və qulluqetmə tapşırıqlarından mərhələlərlə azad edilir. Şəxsi heyətin sırf döyüş hazırlığı məsələlərinin həllində tam iştirakı təmin edilir. Bir sıra xidmət, qulluqetmə vəzifələrinin icrasına mülki şəxslərin cəlb olunması həyata keçirilmişdir və gələcəkdə də bu məsələlərin mərhələlərlə həlli planlaşdırılır. Qısa müddətdə xeyli sayda mülki şəxs Silahlı Qüvvələrə qulluğa qəbul olunmuşdur.

Bu məsələləri həll etməklə biz şəxsi heyətin diqqətini sırf döyüş hazırlığı məsələlərinə yönəldirik. Bununla da biz hərbi intizamın yüksəlməsinə, qarşılıqlı münasibətlərin saflaşmasına, sosial ədalət prinsipinin təmin olunmasına, eyni zamanda, davranışların nizamnamələr çərçivəsində həyata keçirilməsinə nail oluruq.

Keyfiyyətsiz ərzaq məhsullarının qəbul olunmasının qarşısının alınması məqsədilə ərzaqların müəssisələr tərəfindən birbaşa hərbi hissələrə təhvil verilməsi qadağan edilmişdir. Hazırda müəssisələr tərəfindən təhvil verilən ərzaq məhsullarının keyfiyyəti Mərkəzi Hərbi Baytarlıq Laboratoriyası tərəfindən yoxlanıldıqdan sonra mərkəzi ərzaq anbarına qəbul olunur və şəxsi heyətin təminatı üçün mərkəzləşdirilmiş qaydada hərbi hissələrə paylanılır.

Ərzaq məhsullarının keyfiyyətinin yüksək səviyyədə yoxlanılması məqsədilə yeni laboratoriya binasının inşa edilməsi və müasir avadanlığın alınması nəzərdə tutulmuşdur.

Hərbi hissələrdə şəxsi heyətə keyfiyyətli, dadlı yeməklərin hazırlanması üçün peşəkar mülki aşpazların işə qəbul edilməsi həyata keçirilmiş və yeni müasir yeməkxana avadanlığının alınması üzrə işlər görülmüşdür. Həmçinin hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq göstəriş verilmişdir.

Tərəfimizdən hazırlanan Strateji Müdafiə İcmalı prosesinin Yekun İcra Sənədinin layihəsi Xarici İşlər Nazirliyinə, Silahlı Qüvvələrin İnkişafı üzrə Dövlət Proqramının layihəsi isə Nazirlər Kabinetinə təqdim olunmuşdur. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi çərçivəsində Silahlı Qüvvələrin İnkişaf Strategiyasının ilkin layihəsi də hazırlanmış və bu sənədin də Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulmuşdur.

Hərbi qulluqçuların, əsasən də əsgər, çavuş heyətinin əşya təminatının yaxşılaşdırılması üçün təchizat normalarında, geyim formalarının daşınması qaydalarında və təsvirlərində bəzi əlavələr və dəyişikliklər edilərək Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Silahlı Qüvvələrin silah-sursatla təminatı, hərbi nizam-intizamın yüksəldilməsi, döyüş qabiliyyətinin artırılması və digər tədbirlər də prioritet istiqamət kimi qarşımızda duran məsələlər sırasındadır.

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyətinin təkrarən yoxlanışı daha ciddi şəkildə həyata keçirilir. Xidməti zərurətdən irəli gələn bu addımın atılmasında məqsəd, ilk növbədə, hərbi qulluqçuların sağlamlığına diqqətin artırılmasıdır. Nazirliyin tabeliyində olan hərbi hissələrin əksəriyyəti çətin iqlim şəraitində, relyefi müxtəlif və mürəkkəb olan ərazilərdə - həm yüksək dağlıq, həm düzənlik-ovalıq şəraitində, düşmənlə təmas xəttində, daim səngərdə yerləşir. Bu səbəbdən də ordu sıralarına gələn gənclərin sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları vacibdir.

Hərbi xidmətə yararlı hesab edilən çağırışçılar üç ay müddətində yeni gəlmiş heyətin döyüş hazırlığı proqramına əsasən gənc əsgərin hazırlığı kurslarında təlim keçməyə başlayır. Kursu bitirdikdən sonra yaradılan komissiyalar tərəfindən xüsusi kompyuter proqramı vasitəsilə bölgü əsasında gənc əsgərlər yiyələndikləri ixtisaslara uyğun olaraq xidmət yerlərinə göndərilirlər.

Gənc əsgərlərin döyüş hazırlığı prosesində səhra şəraitində nümunəvi dərslərin və döyüş atışları ilə təlimlərin keçirilməsi üzrə yeni proqram hazırlanmış və qoşunlarda tətbiq edilməyə başlanılmışdır.

Döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrin cəbhə bölgəsində yerləşən birlik və birləşmələrində, Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunda genişmiqyaslı hərbi təlimlər keçirilmişdir.

Təlimlərdə hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılmış, döyüş texnikalarının, həmçinin müasir silahların tətbiqi imkanları öyrənilmiş, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, eyni zamanda, döyüş əməliyyatlarının müxtəlif mərhələlərində qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetirilmişdir.

Təlimlər zamanı tank, piyadaların döyüş maşınları, raket, artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilmiş, aviasiya, hava hücumundan müdafiə sistemləri, xüsusi təyinatlı bölmələr isə birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetirmişlər.

Müxtəlif səviyyələrdə keçirilən bu təlimlərdə iştirak edən qüvvələrin döyüş hazırlığı və səhra bacarıqları yoxlanılır, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən onların əldə etdiyi nailiyyətlər qiymətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin yaxın günlərdə irimiqyaslı birgə əməliyyat-taktiki təlimlərinin keçirilməsi planlaşdırılır.

- Cənab nazir, Silahlı Qüvvələrimizin beynəlxalq hərbi əməkdaşlığının vəziyyəti də bizi maraqlandıran sahələrdən biridir. Bunu necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq əlaqələri ildən-ilə genişləndirilir. Bu əlaqələr həm ikitərəfli, həm də beynəlxalq qurumlar çərçivəsində həyata keçirilir.

Hazırda Azərbaycan Respublikası dünyanın 57 ölkəsi ilə ikitərəfli hərbi əməkdaşlıq edir, onlardan 34-ü ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalamışdır.

İkitərəfli hərbi əməkdaşlıq üzrə il ərzində Azərbaycanda və xarici ölkələrdə orta hesabla 400-dək müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdə Silahlı Qüvvələrin 1500-dək nümayəndəsi iştirak edir.

Bunu da qeyd etməliyəm ki, hazırda 24 dövlətdə Silahlı Qüvvələrimizin hərbi attaşelik aparatı və hərbi nümayəndəliyi təsis edilmiş və fəaliyyət göstərir.

NATO-nun yeddi regional qərargahında Silahlı Qüvvələrimizin zabitləri xidmət edirlər. İlin sonunadək bu qərargahların sayı 10-a çatdırılacaqdır.

Müdafiə Nazirliyi Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclaslarında iştirak edir, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, o cümlədən Planlaşdırma və Analiz Prosesi çərçivəsində əməkdaşlığını uğurla davam etdirir.

2014-cü ilin fevralında Türkiyə Respublikasının Qars vilayətində Azərbaycan-Türkiyə birgə səhra təlimləri keçirilmişdir ki, bu da iki qardaş dövlət arasında hərbi əməkdaşlığın gücləndirilməsinin bariz nümunəsidir. Bu formatda təlimin 2015-ci ildə də keçirilməsi planlaşdırılan fəaliyyətlər sırasındadır.

Cari il aprelin 8-də Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin Bakıda növbəti iclası keçirilmişdir.

Bu ilin mayında isə Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimi keçirilmişdir. Qaraheybət Təlim Mərkəzində keçirilən təlimlərə 900-ə yaxın şəxsi heyət, 100-dək hərbi texnika və dörd helikopter cəlb olunmuşdur. Şəxsi heyətin hazırlığı, bilik və bacarığı təlimə rəhbərlik edən NATO generalları və beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilmişdir.

Mən iyunun əvvəlində Brüsseldə Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə iştirak etmişəm.

NATO Baş Qərargahına səfərim çərçivəsində ABŞ-ın müdafiə katibi Çak Heygel ilə ikitərəfli, Türkiyə və Gürcüstanın müdafiə nazirləri ilə üçtərəfli formatda və NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı general Filip Bridlav ilə görüşlər keçirmişəm. Görüşlərdə dövlətlərimiz arasında hərbi əlaqələrin və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir.

Bundan əlavə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, iki hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə iki zabiti hazırda Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) tərkibində beynəlxalq sülhyaratma missiyasında iştirak edirlər.

Azərbaycan Respublikası adi silahlara nəzarət üzrə digər müqavilələrlə yanaşı, Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqaviləyə və Vyana Sənədinə qoşulmuşdur. Bu çərçivədə müxtəlif üzv dövlətlər tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrində ildə səkkiz dəfə inspeksiya keçirilir.

- Son dövrdə qoşunların təmas xəttində baş verən insidentlərə münasibətinizi bilmək istərdik?

- Azərbaycan Ermənistan ilə müharibə şəraitindədir. Atəşkəs rejiminin elan edilməsindən 20 ildən artıq müddət keçməsinə baxmayaraq, məhz erməni tərəfi beynəlxalq qanunları pozaraq ərazilərimizi işğal altında saxlayır, atəşkəs rejimini daim pozur, müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara kəşfiyyat-təxribat basqınları etməyə cəhd göstərir, düşmən snayperləri hərbi qulluqçularımızı, dinc sakinləri atəşə tutur, hərbi baxımdan heç bir əhəmiyyət kəsb etməyən mülki obyektlərə, kənd təsərrüfatı sahələrinə ziyan vurur.

Düşmənlə onun dilində danışmaq lazımdır və biz bunu edirik. İstəyirəm, tam əmin olasınız ki, Silahlı Qüvvələrimizin bölmələri dərhal onlara cavab verir və düşmən tərəfi itki verərək susdurulur. Əsgər və zabitlərimiz şəhid olmuş silahdaşlarının intiqamını dərhal alır və bundan sonra da alacaqlar.

Qoşunların təmas xəttində atəşkəs rejiminin mütəmadi pozulması bir yana, işğalçı Ermənistanın silahlı qüvvələri Azərbaycanın həmsərhəd rayonlarını, kənd və qəsəbələrini atəşə tutur, dinc sakinləri yaralayır və öldürürlər. Bu, bizi çox narahat edir. Bu hadisələr əsasən Ermənistanın İcevan, Noemberyan, Berd və Krasnoselsk rayonları ərazisində yerləşən mövqelərindən Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının yaşayış məntəqələrinin atəşə tutulması ilə həyata keçirilir. Ermənistan tərəfi bu hərəkətləri ilə işğal zonasını genişləndirmək məqsədi güdür, öz təcavüzkar simasını dünyaya nümayiş etdirir. Dünya və beynəlxalq hüquq təşkilatları isə susurlar.

Biz də Ermənistan kimi hərəkət edə bilərik. Onun ərazisindəki istənilən hərbi obyekti və yaşayış məntəqəsini darmadağın edə bilərik. Bunu etmək üçün bizim bütün imkanlarımız vardır. Ancaq humanizm prinsipləri və xalqımızın yüksək insanpərvərlik duyğuları bizi bunu etməkdən saxlayır. Dinc sakinlərin, uşaqların, qocaların və qadınların günahı nədir?

Biz bir daha Avropanın, dünyanın, beynəlxalq hüquq təşkilatlarının, ATƏT-in, Avropa İttifaqının, Avropa Şurası Parlament Assambleyasının və BMT Təhlükəsizlik Şurasının diqqətini bu məsələyə cəlb edirik. İşğalçı Ermənistanın özbaşınalığına son qoyulmasını tələb edirik. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edirik.

Son dövrdə cəbhə xəttində hər dəfə vəziyyətin gərginləşməsi müşahidə edilən kimi döyüşə getmək arzusunda olan neçə-neçə vətəndaşımız Müdafiə Nazirliyinə müraciət edir. Bu, xalqımızın düşmənə olan nifrətindən, torpaqlarımızın azad edilməsi hissindən irəli gələn keyfiyyətdir.

Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissələrində bütün səviyyələrdə müasir döyüş üsullarının istifadəsi ilə genişmiqyaslı təlimlərin keçirilməsi düşmənə bir xəbərdarlıqdır, bizim üçün isə əsgəri həyat normasına çevrilmişdir.

Xalqımızı əmin etmək istəyirəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin “Azərbaycan öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəkdir” fikrini rəhbər tutaraq verilən tapşırığın yerinə yetirilməsinə qadirdir və bunun üçün bizim istənilən imkanımız vardır.

- Cənab nazir, kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinə münasibətindən razısınızmı?

- Müdafiə naziri vəzifəsinə təyin olunduqdan sonra mənim mətbuatla bağlı ilk göstərişlərimdən biri münasibətlərin dövlət sirlərinin qorunmasını təmin etməklə qarşılıqlı anlaşma, şəffaflıq və dəqiqlik prinsipləri əsasında qurulmasından ibarət olmuşdur.

Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin fəaliyyəti haqqında, baş verən hadisələr, ictimaiyyət üçün maraqlı olan məlumatlara aydınlıq gətirilməsi məqsədilə mətbuat xidməti hər gün Müdafiə Nazirliyinin rəsmi internet səhifəsi vasitəsilə operativ surətdə informasiyalar yayır.

Biz sağlam tənqidin, düzgün iradın, məsuliyyət və peşəkarlığın tərəfdarıyıq. Ancaq bu məsələlərdə qərəz, ayrı-seçkilik, dəqiqləşdirilməmiş, ictimaiyyət arasında çaşqınlıq yarada biləcək məlumatların yayılmasını yolverilməz hesab edirik.

Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyətin nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək hərbi hissələrin nömrələrinin, təyinatının, dəqiq dislokasiya yerlərinin göstərilməsinin, Silahlı Qüvvələrdə təyin edilmə və xidmət üzrə yerdəyişmə barədə məlumatlarda şəxslərin adının, soyadının, hərbi rütbəsinin, vəzifəsinin və barələrində digər fərdi məlumatların yayılmasının yolverilməzliyini dəfələrlə tövsiyə etməsinə baxmayaraq, vəziyyət bu gün də dəyişməz olaraq qalır.

Bir məsələyə də toxunmaq istərdim. Bəzi kütləvi informasiya vasitələri Ermənistan mediasının Silahlı Qüvvələrimiz haqqında yazdığı qərəzli informasiyaları tərcümə edərək ölkə ictimaiyyətinə çatdırır və Ordumuz haqqında qeyri-obyektiv fikrin formalaşmasına cəhd göstərirlər.

Bir daha diqqətə çatdırıram ki, media nümayəndələri bu cür məsələlərə milli təhlükəsizliyin qorunması baxımından yanaşaraq vətəndaş mövqeyindən çıxış etsələr, daha yaxşı olardı.

- Ətraflı müsahibəyə görə minnətdarlığımızı bildirir və bayram münasibətilə sizi bir daha təbrik edirik. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir