İQTİSADİYYAT
“Şimal-2” qaz-buxar elektrik stansiyası layihəsi sayəsində Bakının 40-45 faizi elektrik enerjisi ilə təchiz olunacaqdır
Bakı, 8 mart (AZƏRTAC). Azərbaycanda 300 milyon ABŞ dolları dəyərində tikilən “Şimal-2” qaz-buxar elektrik stansiyası layihəsi sayəsində Bakının 40-45 faizi elektrik enerjisi ilə təchiz olunacaqdır. Stansiyanın gücü 409 meqavatdır. Bu qurğunun istifadəsi Abşeron yarımadasının şərq hissəsinin ehtiyacını ödəmiş olacaqdır.
Bu barədə “Azərenerji” ASC istehlak idarəsinin rəisi Elçin Məmmədov məlumat vermişdir. Bildirilmişdir ki, stansiya Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) dövlət zəmanətli krediti hesabına tikilir. Kredit 40 il müddətinə 0, 75 faiz ilə verilmişdir.
“Şimal-2” stansiyasının nadirliyi soyutma suyunun qəbuledici sistemindən ibarətdir. Belə ki, Xəzər sahilində ilk dəfə qurulan bu qurğu vasitəsilə stansiyaya təmiz su daxil olacaqdır. Əvvəllər Xəzər dənizində çirkab, yosunlar, tullantı parçaları təmiz suyun əldə olunmasına imkan vermirdisə, artıq yeni qurulan su qəbuledici qurğu bu problemi həll edəcəkdir. Qurğunun ömrü 30-40 ildir. Təmiz suyu əldə etmək üçün qurğu 450 metr uzaqda və mənfi səkkiz metr dərinlikdə quraşdırılır.
Stansiyada Xəzər dənizinin suyundan istifadə olunacaqdır. Bir-iki dərəcədə qızan su yenidən dənizə qaytarılacaqdır. Bu su dəniz üçün heç bir təhlükə yaratmır. Bu cür qurğu sistemi Hindistan, Çin, Vyetnam, Koreya Respublikası və digər ölkələrdə uğurla sınaqdan keçirilmişdir.