DÜNYA
“Şimal axını-2”: Almaniya mürəkkəb seçim qarşısındadır
Berlin, 27 iyul, AZƏRTAC
Almaniyada “Şimal axını-2” qaz kəmərinin işə salınması barədə fikir ayrılığı yaranıb.
AZƏRTAC xəbər verir ki, AFR iqtisadiyyat naziri Robert Habek bu ideyanın əleyhinə çıxış edib. Nazirin fikrincə, “Şimal axını-2” layihəsinin işə salınması Avropa İttifaqının son yarım ildə çəkdiyi zəhməti heçə endirəcək.
Almaniyalı ekspertlər hesab edirlər ki, ölkənin siyasi elitasında yaranmış panikanın əsas səbəbi “Şimal axını-1” kəmərli üzrə qaz nəqlinin azalmasıdır. Dərhal ölkənin donması barədə müxtəlif ssenarilər meydana çıxıb və siyasətçilər “Şimal axını-2” qaz kəməri barədə danışmağa başlayıblar. Belə siyasətçilər arasında “Almaniya üçün alternativ” partiyasından Bundestaqın deputatı Şteffen Kotre də vardı. O hesab edirdi ki, əks halda AFR qazsız qalacaq.
İqtisadiyyat Robert Habek isə dünən Brüsseldə keçirilən iclasda kəskin çıxış edərək, bu kəmərin işə salınmasının qeyri-mümkün olmasını bəyan edib. O bildirib ki, Avropa İttifaqı və Almaniya bu boru kəmərinin işə salınmasını qeyri-mümkün hesab edir. Əgər avropalı tənzimləyicilər bu layihəyə razılıq versələr, Aİ-nin Rusiyadan asılılığı daha da güclənəcək. Bu isə Avropa İttifaqının son yarım ildə çəkdiyi əziyyətə ziddir. Habekin fikrincə, “Şimal axını-2” layihəsinin işə salınması Aİ-nin və sanksiyaların kapitulyasiyası demək olacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin