MƏDƏNİYYƏT
Şimal bölgəsinə ekskursiyanın son ünvanı –Xaçmaz
Xaçmaz, 25 avqust (AZƏRTAC, Elxan Yusifli). “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində respublikanın şimal bölgəsinə ekskursiya edən Balakən və Samux məktəblilərindən ibarət qruplar avqustun 25-də Xaçmaz rayonunun görməli yerləri ilə tanış oldular.
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçıları Azərbaycanın şimal qapısı sayılan Xaçmaz rayonu ilə tanışlığa ümummilli lider Heydər Əliyevin şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət etməklə başladılar.
Sonra Heydər Əliyev Mərkəzində olan məktəblilərə Ulu Öndərin zəngin həyatı, ölkəmiz və bütün insanlıq naminə gördüyü əvəzsiz işlər barədə ətraflı məlumat verildi. Tur-aksiyanın iştirakçıları Mərkəzdəki fotostendləri maraqla izlədilər.
Məktəblilər Xaçmaz şəhərində açıq səma altında yaradılan Şəxsiyyətlər muzeyində də oldular. Onlara məlumat verildi ki, muzey-park 2006-cı ildə yaradılıb. Parkda Azərbaycanın 52 görkəmli şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin büstü qoyulub.
Tur-aksiyanın iştirakçıları Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət etdilər. Məktəblilərin diqqətinə çatdırıldı ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat vardır. Muzeyin ikinci mərtəbəsində tarix-etnoqrafiya bölməsi fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə xaçmazlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yerləşdirilib. Muzey 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Balakən və Samux məktəbliləri Xaçmazda Xalça Muzeyi və dövlət rəsm qalereyası ilə tanışlıqdan sonra doğma şəhərlərinə yola düşdülər.