REGİONLAR
Şimal bölgəsinin abidə mühafizəçiləri təlimlərə cəlb olunub
Xaçmaz, 20 iyul, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində şimal bölgəsinin abidə mühafizəçiləri üçün “Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri” mövzusunda səyyar seminar-treninqə start verilib.
AZƏRTAC xəbər verir ki, iyulun 19-dan başlayan təlimlər Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin yerlərdə qorunması, təbliği, bərpası və inkişaf etdirilməsi məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən təşkil edilib.
Mədəniyyət və turizm nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar keçirilən səyyar seminar-treninqdə Xaçmaz, Quba, Qusar, Siyəzən, Xızı və Şabran rayonlarında çalışan 28 nəfər abidə mühafizəçisi iştirak edir.
Treninqi əhatə edən mövzular yerlərdə maddi və qeyri-maddi mədəni irsin qorunması və bərpası, turizmin inkişafı məsələlərinə həsr olunub.
İyulun 23-dək davam edəcək təlimlərə ekspert kimi Mərkəzin müəllimi Arif Əliyev, “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun baş mühəndisi Cahid Qədirli, Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı İdris Əliyev, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun baş mühafizi Fikrət Abdullayev, Şirvanşahlar Saray Kompleksinin direktor müavini Səadət Mirzəyeva və digər mütəxəssis müəllimlər cəlb olunub.