SİYASƏT
ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİNDƏ AVROPA GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 24-də Şirvan Apellyasiya Məhkəməsində Avropa ölkələrində mülki ədalət mühakiməsinin Avropa günü ilə bağlı tədbir keçirilmişdir.
Məhkəmədən bildirmişlər ki, sədr Qürbət Əsgərov Avropa Şurası və Avropa Komissiyasının təşəbbüşü ilə 2003-cü ildən etibarən oktyabrın 25-nin Avropa ölkələrində mülki ədalət mühakiməsinin Avropa günü kimi qəbul olunduğunu bildirmiş, Azərbaycan məhkəmələrində də bu günün “açıq qapı” günü kimi elan olunduğunu söyləmişdir. Tədbirin keçirilməsindən məqsədin vətəndaşları ədalət mühakiməsinin həyata keçirilməsi sistemi ilə yaxından tanış etmək olduğunu vurğulayan Q.Əsgərov, müstəqil və hüquqi dövlətin şanlı tarixini yaradan ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin, onun suverenliyinin qorunub saxlanmasında, dövlət quruculuğunda və ölkəmizin hüquq sisteminin inkişafında əvəzsiz rolu barədə danışmışdır. Ümummilli liderin bilavasitə rəhbərliyi altında aparılmış hüquqi islahatlardan söz açan Q.Əsgərov, bu gün həmin islahatların ölkəmizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Məhkəmənin hakimi Fərhad Kərimov mülki hüquqlar və bu hüquqların həyata keçirilməsini təmin edən məhkəmə orqanlarının gündəlik fəaliyyəti, ölkəmizdə məhkəmə sahəsində həyata keçirilən islahatlardan danışmış, tədbirdə iştirak edən vətəndaşlara hüquqlarının müdafiə mexanizmləri və s. məsələlər barədə ətraflı məlumat vermişdir.