REGİONLAR
Şirvanda “Heydərnamə” şeiri əsasında hazırlanan videofilm nümayiş olunub
Şirvan, 30 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr edilən “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” adlı elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyasının sədri Zahir Qəhrəmanov, icra hakimiyyətinin nümayəndəsi Rəfael Nəsirov, Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Mərkəzi ziyarət olunub.
Tədbir Tarix-Diyarşünaslıq Muzeyində davam edib. Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Muzeyin əməkdaşı Ləman Cavadova Ulu Öndərə həsr olunmuş tədbirlərin əhəmiyyətindən danışıb.
Şirvan şəhər İcra Hakimiyyətinin böyük məsləhətçisi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rafael Nəsirov Ulu Öndərin qətiyyətli qərarları ilə müstəqilliyimizin möhkəmləndirilməsində, ölkədə sabitliyin əldə olunmasında, həmçinin Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində, ümumilikdə xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edib.
Muzeyin əməkdaşları Reyhanə Əlizadə, Aytac Vəliyeva, Şirvan şəhər 18 saylı təbiət, humanitar təmayüllü məktəb-liseyin tarix müəllimi Ofelya Zərbəliyeva, muzeyin direktor əvəzi Aynur İbrahimova, 10 nömrəli tam orta məktəbin tarix müəllimi Töhfə Cəlilova Heydər Əliyevin keçdiyi böyük və şanlı tarixi yoldan ətraflı danışıblar.
Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Heydərnamə” şeiri əsasında hazırlanmış videofilm nümayiş etdirilib.