CƏMİYYƏT
Şirvanda keçirilən tədbirdə narkomanlığın qarşısının alınması ilə bağlı görüləcək işlərə diqqətin artırılmasının zəruriliyi vurğulanıb
Bakı, 21 iyul, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.6-cı bəndinin icrası ilə əlaqədar, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfıyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə xarakterli tədbir təşkil olunub.
Bu barədə Dövlət Komissiyasının işçi qrupu tərəfindən AZƏRTAC-a məlumat verilib.
Dövlət Komissiyasının işçi qrupunun əməkdaşları və Baş Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndəsi mövzu ətrafında çıxışlar edərək narkomanlığın qarşısının alınması ilə bağlı görüləcək işlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, həmçinin ictimai maarifləndirmə işinin genişləndirilməsi, eyni zamanda, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Eyni zamanda Dövlət Komissiyasının işçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara verilib.