REGİONLAR
Şirvanda Milli Mətbuat Günü qeyd olunub
Şirvan, 22 iyul, Mahir Babayev, AZƏRTAC
Şirvanda 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Samit Abıyev əlamətdar gün münasibətilə media nümayəndələrini təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Bildirilib ki, böyük ziyalı, təbiətşünas alim Həsən bəy Zərdabinin redaktorluğu ilə 1875-ci il iyulun 22-də nəşrə başlayan “Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsası qoyulub. Həsən bəy Zərdabi bu qəzet vasitəsilə əqidə dostları Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əsgərağa Gorani, Seyid Əzim Şirvani və başqa şəxslərlə cəhalətə qarşı mübarizə aparıb, millətin savadlanması, qadınların hüquqlarının qorunması istiqamətində yazılarla çıxış edib.
S.Abıyev ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin milli mətbuatımızın yüksəlişi və tərəqqisi naminə gördükləri işlərdən də söz açıb.
Tədbirdə çıxış edənlər ölkə və region mətbuatının hazırkı vəziyyətindən, bu sahənin inkişafı istiqamətində görülən işlərdən, şəhərdə aparılan geniş tikinti-quruculuq və abadlıq işlərindən danışıblar.
Sonda jurnalistlərə hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.