Şirvanda şəhid ailələri ilə görüş olub
Şirvan, 25 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı Şirvan şəhərində də yüksək səviyyədə davam etdirilir. Ənənəyə uyğun olaraq, növbəti dəfə şəhid ailələri ilə görüş keçirilib.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, ictimaiyyət nümayəndələri və din xadimləri şəhid ailələri ilə birlikdə Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzülüb.
Şəhər rəhbərliyi Şəhidlər xiyabanında aparılan abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanış olub.
Sonra Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub. Şəhid analarının şərəfinə ucaldılan “Şəhid anası” memorial abidə kompleksini ziyarət etdikdən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələri ilə görüşüb, onlara belə vətənpərvər, şücaətli, igid oğullar böyütdükləri üçün təşəkkürünü bildirib. Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını, qanları ilə tarix yazan igidlərin adlarının tarixə əbədi həkk olunduğunu vurğulayıb. Şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, həssas münasibətdən söz açılıb, bu qayğının Şirvan şəhərində də davam etdirildiyi diqqətə çatdırılıb.
Görüşdə şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər xiyabanında aparılan abadlıq-quruculuq işlərindən də bəhs edilib.
Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə maraqlanıb, qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti qurumlara tapşırıqlar verib. Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Sonda şəhər məscidinin imamı Əvəz Mehrəliyev şəhidlərimizin ruhuna dualar oxuyub.