DÜNYA
Sıxılmış təbii qaz yüklənmiş tanker Şimal Buzlu okeandan keçərək Yaponiyaya çatmışdır
Tokio, 5 dekabr (AZƏRTAC). Sıxılmış təbii qaz yüklənmiş tanker Şimal Buzlu okeandan keçərək Yaponiyaya gəlib çatmışdır.
Tanker Yaponiyanın qərbində yerləşən Kitaküsü şəhərindəki sıxılmış təbii qaz terminalına dekabrın 5-də çatmışdır. Tankerə təxminən 60 min ton qaz vurulmuşdur. Yaponiyanın “Küsü Denryoku” şirkəti bu qazı Rusiyanın “Qazprom” dövlət şirkəti ilə əlaqəsi olan bir firmadan almışdır.
Həmin tanker Norveçin şimalında yerləşən limandan noyabrın əvvəllərində yola çıxmışdır. Sonra o, Şimal Buzlu okeanı ilə Rusiyanın sahilləri boyunca hərəkət edərək Berinq boğazından keçmişdir.
Şimal Buzlu okeanı üzrə marşrut uzunluğuna görə Misirin Süveyş kanalından keçən dəniz yolunun üçdə ikisinə bərabərdir. Bu marşrut Yaponiyaya Avropadan və Rusiyadan sıxılmış qaz ixracını artırmağa imkan verəcəkdir. O, Yaponiyaya enerji mənbələrinin idxalını şaxələndirməyə imkan yaratmaqla yanaşı, həm də ölkənin Yaxın Şərqdən asılılığını azaldacaqdır.
Bununla yanaşı, bəzi həll edilməli problemlər mövcuddur ki, buraya da ilk növbədə yol xərcləri daxildir. Rusiya hökuməti onun sahilləri boyunca hərəkət edən tankerlərdən icbari qaydada rus buzqıran gəmilərindən istifadəni tələb edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio