REGİONLAR
Siyəzən rayonunun elektrik sistemində yenidənqurma işləri aparılır
Siyəzən, 4 iyul, Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti regionlarda müasir elektrik infrastrukturu yaradır. Mövcud vəziyyətin monitorinqi aparıldıqdan sonra ilkin olaraq reabilitasiya planının həyata keçirilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Siyəzən rayonunun elektrik sisteminin yenidən qurulması işləri sürətlə davam etdirilir. Rayonda istismar müddəti başa çatan transformator məntəqələri yenilənir, müasir tipli avadanlıqla təchiz edilir. Artıq 13 yeni komplekt transformator məntəqəsi quraşdırılıb. Bu transformatorlar istehlakçılara dayanıqlı elektrik enerjisini çatdırmağa tam təminat verir.
Siyəzən Elektrik Şəbəkəsinin rəisi Qismətəli Əsədov AZƏRTAC-a bildirib ki, işlər sürətlə və keyfiyyətlə aparılır. Uzun illər istismar olunan ağac elektrik dayaqları da dəmir dayaqlarla əvəzlənir. Şəhərdə və şəhərkənarı yollarda 100-ə yaxın yeni işıq dirəyi basdırılıb. Rayon ərazisində yeni rəqəmsal sayğaclar quraşdırılıb, 5 min metrdən artıq elektrik xətti yenilənib. Yenidənqurma işləri rayon mərkəzi ilə yanaşı, Zarat qəsəbəsində, eləcə də Yenikənd və Məşrif kənlərində də aparılır.
Hazırda rayonun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması və sərf edilmiş enerjinin dəyərinin ödənilməsi məqsədi ilə praktiki və maarifləndirici işlər aparılır.