REGİONLAR
Siyəzənli şagirdlər Ulu Öndərin zəngin irsinin tədris olunduğu açıq dərslərdə fəal iştirak ediblər
Siyəzən, 11 yanvar, Elxan Yusifli, AZƏRTAC
Siyəzən rayonunun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsinə həsr olunan açıq dərsdə fəal iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan dərs prosesində şagirdlərə görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin Vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri barədə məlumat verilib. Xüsusilə Ulu Öndərin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlişi, həmin vaxt geniş xarakter alan erməni təcavüzü, hökm sürən özbaşınalıq nəticəsində ölkənin parçalanmaq, məhv olmaq təhlükəsi ilə üzləşməsi, Ümummilli Liderin gərgin əməyi ilə yaradılan sabitlik, Azərbaycanın müstəqil dövlət səviyyəsinə çıxarılması və digər məsələlərlə bağlı məlumatlar məktəblilər tərəfindən maraqla qarşılanıb. Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası onlarda dərin təəssürat, Ulu Öndərə sonsuz məhəbbət hissi aşılayıb.
Açıq dərsdə Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev, Siyəzən rayon Təhsil şöbəsinin metodkabinet müdiri Cəfər Bağırov və başqaları məruzə ilə çıxış edərək, Ulu Öndərin zəngin irsinin gənclərimiz tərəfindən dərindən öyrənilməsinin vacibliyini şagirdlərin diqqətinə çatdırıblar.
Siyəzən şəhər 4 və 5 saylı tam orta məktəblərin 50-ə yaxın şagirdinin qatıldığı dərs prosesində Heydər Əliyev Mərkəzi, Ümummilli Liderin keçdiyi şərəfli həyat yolu, Azərbaycana rəhbərliyinin hər iki dövrünü əks etdirən fotoşəkillər və sənədlər barədə ətraflı məlumat verilib.
Açıq dərslər bundan sonra da mütəmadi keçiriləcək.