SKELET “ƏBƏDİ ŞƏHƏR”DƏN QƏDİMDİR
Qalıqları Kolizey yaxınlığındakı İmperator forumlarının tərkib hissəsi olan Sezar Forumunun altından tapan arxeoloqlar komandasının üzvü Anna di Santis demişdir ki, qadın təxminən 30 yaşlarında ölmüşdür.
Arxeoloqlar boyu 160 santimetr olan qadının skeleti yanından kəhrəba boyunbağı, habelə dörd toqqa tapmışlar. Onların ikisi ilə, görünür, kəfəni bağlamışdılar. Məzarda qədim dövrlərdə qiymətli sayılan əşyalar tapılmışdır. Skelet əsaslı tədqiq olunduqdan sonra muzeydə nümayiş etdiriləcəkdir.
Arxeoloqlar bu ilin əvvəllərində Roma Forumu altında aşkar olunan həmin nekropolda ilk qazıntılar zamanı urna, onun içində isə insan külü və qoyun sümükləri tapmışdılar. Arxeoloqların fikrincə, qadın sümükləri 3 min il əvvəl burada bir dəfn ayininin digəri ilə əvəz olunduğuna dəlalət edir, yəni cəsədi yandırmaq əvəzinə, torpağa basdırmağa başlamışdılar.
Nekropoldakı məzarlar eramızdan əvvəl 1000-ci ilə aiddir, bu isə o deməkdir ki, onlar Romadan yaşlıdır. Əfsanəyə görə, Romanın əsası eramızdan əvvəl 753-cü ildə əkiz Romul və Rem qardaşları tərəfindən qoyulmuşdur. Mütəxəssislərin fikrincə, nekropolda hörmətli adamları, məsələn, döyüşçüləri və din xadimlərini dəfn edirdilər. Onlar, çox güman, təpələrdə yerləşən kiçik kəndlərdə məskən salmış tayfa və qəbilələrə başçılıq edirmişlər. Sonralar bu təpələrdə Roma şəhəri salınmışdır.