DÜNYA
Slovakiyada araşdırmaçı jurnalistin qətli ilə əlaqədar səkkiz nəfər həbs olunub
Bratislava, 27 sentyabr, AZƏRTAC
Slovakiyada araşdırmaçı jurnalist Yan Kuçiak və nişanlısı Martina Kuşnirovanın qətlindən yeddi ay sonra Slovak Kriminal Polisi (NAKA) qətldə şübhəli bilinən səkkiz nəfəri həbs edib.
Bu barədə məlumatı Slovakiyanın “Dennik N” gündəlik qəzeti prokurorluq orqanlarına istinadla yayıb. Məlumata görə, ölkənin cənubunda yerləşən Kolarovo şəhərində həbslərdən sonra bır sıra mənzillərdə axtarış işləri aparılır. Həbs edilən şəxslər arasında qətli sifariş edənlərin olub-olmaması barədə hüquq-mühafizə orqanları heç bir açıqlama verməyiblər.
Qeyd edək ki, bu il fevralın sonunda araşdırmaçı jurnalist Yan Kuçiakın qətli 1989-cu ildə müstəqillik hərəkatından sonra ölkədə ən izdihamlı nümayişlərə səbəb olmuşdu. Nümayişlər həmin vaxtda Baş nazir Robert Fitsonun rəhbərlik etdiyi hökumətin istefası ilə nəticələnmişdi. Mətbuatda gedən xəbərlərdə jurnalistin qətlinin İtaliyanın Ndranqeta mafiya şəbəkəsinin Slovakiyanın iri şirkətləri və hökumət dairələri ilə əlaqələrinə dair ifşaedici araşdırmaları ilə bağlı olduğu iddia olunurdu.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava