DÜNYA
Sloveniya alimi ən yüngül təyyarədə dünya səyahətinə çıxacaqdır
Bakı, 10 yanvar (AZƏRTAC). Sloveniya bioloqu və ekoloqu Mateuş Lenarçiç yüngül təyyarədə Yer kürəsini səyahətə çıxmağı və yolüstü lazımi tədqiqatlar aparmağı qərara almışdır. Yanvarın 8-də o, Lyublyana aeroportundan yola düşmüşdür.
Alim iki ay ərzində 100 min kilometr məsafə qət etməyi və 50 ölkədə olmağı planlaşdırır. Təyyarədəki xüsusi cihazların köməyi ilə Lenarçiç Afrika və Antraktika, habelə Sakit okean və Atlantik okeanın əlçatmaz rayonlarında havanın çirklənmə səviyyəsini ölçəcəkdir.
Bundan başqa, səyyah ekologiyanın nə dərəcədə pisləşdiyini müəyyənləşdirmək üçün 120 milli parkda fotoşəkillər çəkmək niyyətindədir.
Lenarçiç dünya səyahətinə Sloveniyanın Pipistrel şirkəti tərəfindən hazırlanmış çox yüngül Virus SW914 birmotorlu təyyarəsində yola düşmüşdür. Aparat ən ekstremal temperatur şəraitində uça bilir. Modelin bu yeni modifikasiyası hələ 2007-ci və 2008-ci illərdə yanacağı son dərəcə qənaətlə işlətdiyinə görə Amerikanın NASA agentliyinin mükafatını almışdır.
Təyyarə Virus SW100 modelində başqa mühərrik və tamamilə yeni yanacaq sistemi quraşdırmaqla hazırlanmışdır. Təyyarənin yüksüz çəkisi 350 kiloqram, maksimal uçuş çəkisi isə 750 kiloqramdır.
Təyyarə havada karbon qazının miqdarını ölçmək üçün lazımi cihazlarla təchiz olunmuşdur.
Sloveniya tədqiqatçısı, həmçinin yanacaq məsrəfi üzrə rekord qazanmaq ümidindədir: istifadə olunmuş yanacağın həcmi havada dünya səyahətləri tarixində ən aşağı göstərici olmalıdır.
Bu, indiki iqtisadi böhran və ətraf mühitin çirklənməsi şəraitində ən yüngül təyyarədə ən az yanacaq sərf etməklə həyata keçirilmiş dünya səyahəti olacaqdır.
Mateuş Lenarçiç səyahət barədə müntəzəm olaraq internetdə məlumatlar yerləşdirəcəkdir.