ELM VƏ TƏHSİL
Sloveniyadakı Yozef Stefan adına Beynəlxalq Ali Məktəb azərbaycanlı həmkarları ilə əməkdaşlığa maraq göstərir
Bakı, 18 yanvar (AZƏRTAC). Sloveniyadakı Yozef Stefan adına Beynəlxalq Ali Məktəbin direktoru professor Vito Turk Azərbaycanın tanınmış alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Cəlal Əliyevə məktubla müraciət edərək iki ölkənin elmi-tədqiqat müəssisələri arasında daha sıx əlaqə yaradılmasını təklif etmişdir.
AZƏRTAC xəbər verir ki, Vito Turk 1996-2005-ci illərdə Sloveniyanın həyat haqqında elmlər, mühəndislik, informasiya texnologiyaları və digər sahələr üzrə ən aparıcı tədqiqat təşkilatı olan Yozef Stefan adına instituta rəhbərlik etmişdir. 2003-cü ildə o, doktorluq dərəcəsi almaq üçün aspirantlar hazırlanan, tədrisin ingilis dilində olduğu Yozef Stefan adına Beynəlxalq Ali Məktəbin əsasını qoymuşdur. Müasir avadanlıqlarla təchiz olunmuş bu ali məktəb Avropa İttifaqının müxtəlif layihələrinin həyata keçirilməsində uğurla iştirak edir.
Sloveniyalı alim öz məktubunda Bakıya səfəri, Azərbaycan alimləri ilə görüşləri barədə səmimi xatirələrini bölüşür.
Vito Turk yazır: “Bizim ilk görüşümüzdən neçə illər keçmişdir. O vaxt Azərbaycan Biokimyaçılar Cəmiyyəti Avropa Biokimya Cəmiyyətləri Federasiyasına (FEBS) üzv olmaq üçün müraciət etmişdi. Həmin dövrdə mən bu təşkilatın baş katibi idim. O vaxt sizin ölkəniz FEBS-ə üzv oldu. Bu hadisə münasibətilə Sizin mənə xatirə kimi bağışladığınız xalçanı indiyə qədər evimdə saxlayıram. Sonralar mən sizin ölkənizin Beynəlxalq Biokimya və Molekulyar Biologiya İttifaqına (İUBMB) üzv olmasına da səs vermişəm. O vaxt (1997-2006-cı illərdə) mən İUMBM-nin İcraiyyə Komitəsinin üzvü idim”.
Vito Turk qeyd edir ki, 1982-ci ildə Bakıda keçirilən beynəlxalq elmi konfransın iştirakçılarının şərəfinə təşkil edilmiş qəbulda Heydər Əliyevlə görüşmək onun üçün böyük şərəf olmuşdur. Bu görkəmli siyasətçinin həmin qəbulda o dövr üçün çox cəsarətli nitqi alimə güclü təsir bağışlamışdır.