İQTİSADİYYAT
SOCAR-AQŞ “ADA” Universiteti ilə əlaqələri genişləndirir
Bakı, 14 iyun, AZƏRTAC
SOCAR-AQŞ-nin tələbələr üçün elan etdiyi Təcrübə Proqramı onların bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün əlverişli fürsətdir.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, bu sözlər iyunun 14-də SOCAR-AQŞ-də “ADA” Universitetinin Biznesin İdarəedilməsi, Kompyuter mühəndisliyi və Beynəlxalq əlaqələr fakültələrinin bakalavr pilləsində təhsil alan 3-cü və 4-cü kurs tələbələri ilə görüşdə səsləndirilib.
Görüşdə SOCAR-AQŞ-nin Baş direktoru Ramin İsayev gələcəyin gənclərə məxsus olduğunu, müasir tələblərə cavab verən məzunların hazırlanması üçün sənaye müəssisələri ilə təhsil mərkəzləri arasında sıx əməkdaşlığın zəruriliyini qeyd edib.
Daha sonra müəssisənin Biznesin İnkişafı, İqtisadi Planlaşdırma və Təlim və Təkmilləşdirmə şöbələrinin məsul əməkdaşları müəssisənin fəaliyyət sahələrinə dair maraqlı təqdimatlarla çıxış edərək, tələbələrin suallarını cavablandırıblar.
Görüşdə müəssisənin yaranma tarixi, dəyərlər sistemi, fəaliyyət istiqamətləri, illər üzrə ümumi statistik göstəriciləri özündə əks etdirən maraqlı videoçarx nümayiş olunub.
“ADA” Universitetinin Karyera Mərkəzinin direktoru Gülnur İsmayıl Azərbaycanın aparıcı qazma müəssisələrindən biri olan SOCAR-AQŞ ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib.
O, “ADA” Universitetində həyata keçirilən yeni layihələr və məzun hazırlığından danışaraq sənaye müəssisələri ilə konstruktiv əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli əməkdaşlığın daha geniş inkişaf perspektivləri barədə müzakirələr aparılıb.