İQTİSADİYYAT
“SOCAR-AQŞ” MMC iki yeni yataqda qazma işlərinə başlayacaqdır
Bakı, 10 aprel (AZƏRTAC). “Ümid” və “Qərbi Abşeron” yataqlarında qazma işlərinin aparılması cari ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və “Abşeron Qazma Şirkəti”nin (AQŞ) birgə müəssisəsi olan “SOCAR-AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edilmişdir.
MMC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Ümid” yatağında qazma işləri “SOCAR-ÜMİD” MMC-nin sifarişi əsasında aparılacaqdır. Yaxın gələcəkdə “SOCAR-AQŞ” adı çəkilən yataqda “ZJ-70” tipli bir qazma qurğusu ilə qazma işlərinə başlayacaqdır. Hazırda “Ümid” yatağında 1 nömrəli dərin dəniz stasionar özülündən 14 nömrəli kəşfiyyat quyusunun qazılmasına hazırlıq işləri çərçivəsində özüldə texniki baxış, təmir və montaj işləri həyata keçirilir. Bu kəşfiyyat quyusu “Ümid” yatağının neft-qaz ehtiyatlarını öyrənmək məqsədi ilə qazılır. Ümumilikdə, “Ümid” yatağında 1 nömrəli dərin dəniz stasionar özülündən orta dərinliyi 6 min 700 metr olan 3 quyunun qazılması planlaşdırılmışdır.
Həmçinin müəssisə “Qərbi Abşeron” yatağında 20 nömrəli dərin dəniz stasionar özülündən orta dərinliyi təxminən 1000 metr olan 10 quyunun qazılmasını planlaşdırır. ARDNŞ-in “Azneft” İstehsalat Birliyi tərəfindən sifariş edilən bu quyuların horizontal qazılması nəzərdə tutulmuşdur.
Müəssisə hər iki yataqda Avropa, ABŞ və Yaponiya istehsalı olan texnika və texnologiyaların tətbiqinə üstünlük verəcəkdir.