İQTİSADİYYAT
SOCAR “Baker Hughes”lə mövcud əməkdaşlığın dərinləşdirilməsinə dair müzakirələr aparıb
Bakı, 4 iyul, AZƏRTAC
SOCAR ilə “Baker Hughes GE” şirkətinin mövcud əməkdaşlığının dərinləşdirilməsinə dair müzakirələr aparılıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Baker Hughes GE” şirkətinin sədri, prezidenti və Baş icraçı direktoru Lorenzo Simonellinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə dünya neft sənayesində baş verən cari dəyişikliklər və transformasiya prosesləri, eləcə də yeni və xüsusən rəqəmsal texnologiyaların neft sənayesində rolunun artması məsələləri müzakirə olunub. Şirkətlər arasında mövcud əməkdaşlığın dərinləşdirilməsi, SOCAR tərəfindən istismar edilən yataqlarda hasilatın artırılması, köhnə quyularda hasilatın bərpası, yeni layihələrdə sualtı texnologiyaların tətbiqi və sair ilə əlaqədar müasir rəqəmsal texnologiyaların istifadəsi üçün daha dayanıqlı əməkdaşlıq modeli ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə “Baker Hughes”in SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığına toxunulub, Azərbaycanda yüksək səviyyəli kadrların hazırlanmasında bu əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
“Baker Hughes” Azərbaycanda 1990-cı ildə fəaliyyətə başlayıb. Şirkət SOCAR-la yanaşı, BP, “Total”, “Equinor”, eləcə də SOCAR-ın “Caspian Drilling Company” şirkətləri ilə əməkdaşlıq edir. Azərbaycanda “Baker Hughes”in 4 məhsulundan - neft xidmətləri (OFC), neft avadanlıqları (OFE), turbo maşın və proses həlli (DS), ölçmə və nəzarət (M&C) və rəqəmli məhsullarından istifadə olunur.
Hazırda “Baker Hughes” dünyada neft və qaz sektorunda avadanlıq, xidmət və rəqəmsal həlləri bir araya gətirən şirkət kimi fəaliyyət göstərir. Şirkət öz müştərilərinə karbohidrogenləri daha səmərəli, məhsuldar və təhlükəsiz şəkildə, ətraf mühitə daha çox qayğı göstərməklə nəql etmək və təmizləmək sahəsində yardım edir.