İQTİSADİYYAT
“SOCAR–Foster Viler Mühəndis Xidmətləri” birgə müəssisəsinin direktorlar şurasının ilk iclası keçirilmişdir
Bakı, 5 mart (AZƏRTAC). “SOCAR-Foster Viler Mühəndis Xidmətləri” birgə müəssisəsinin direktorlar şurasının ilk iclası keçirilmişdir. İclasda direktorlar şurasının sədri Tofiq Qəhrəmanov, üzvləri Fəxrəddin İsmayılov, Sənan Tapdıqov, Marko Moresko və Mario Giuliani iştirak etmişlər.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda birgə müəssisənin daxili strukturunun təsdiq edilməsi, 2012-2013-cü illər üçün büdcəsinin və biznes planının müzakirəsi və təsdiqi, kadr məsələləri, məsləhətçi şirkətin seçilməsi məsələlərinə baxılmış və müvafiq qərarlar qəbul olunmuşdur.
Birgə müəssisənin yaradılması təşəbbüsü ARDNŞ tərəfindən irəli sürülmüşdür. Əsas məqsəd yüksək ixtisaslı yerli kadrların hazırlanmasıdır. Birgə müəssisənin paylarının 65 faizi ARDNŞ-ə, 35 faizi isə Foster Viler şirkətinə məxsusdur. Təsis müqaviləsi və əldə olunmuş razılığa əsasən gələcəkdə birgə müəssisəyə işə götürüləcək yerli kadrlar Foster Wheeler Italiana S.R.L şirkətinin Milan ofisində uzun müddətli təlim keçəcəklər.