İQTİSADİYYAT
SOCAR-ın Nizamnaməsinə dəyişiklik edilib
Bakı, 27 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin 26 fevral 2016-cı il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Nizamnaməsinə dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, bu, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2015-ci il tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədardır.
Dövlət Neft Şirkətinin Nizamnaməsinə dəyişikliklərin edilməsi SOCAR-ın idarə olunması sahəsində münasibətləri tənzimləyən müddəaların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavə edilmiş 49-1-ci maddəyə uyğunlaşdırılması tələbindən irəli gəlir. Bu məqsədlə SOCAR-ın təsisçisinin, prezidentinin, şurasının və digər orqanlarının səlahiyyətləri dəqiqləşdirilib. Edilmiş dəyişikliklərə görə, Nizamnamədə hüquqi şəxsə aidiyyəti olan şəxs kimi kollegial idarəetmə orqanı olan şirkətin şurası müəyyən edilib. Məlum olduğu kimi, şuraya şirkətin prezidenti sədrlik edir və onun tərkibinə şirkətin prezidenti, vitse-prezidentləri və şirkətin prezidenti tərəfindən müəyyən olunan digər vəzifəli şəxslər daxildirlər.
Nizamnaməyə edilmiş dəyişikliklərə əsasən, aidiyyəti şəxslə dəyəri şirkətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar şirkətin prezidenti tərəfindən, şirkətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri şirkətin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar şirkətin şurası tərəfindən qəbul edilir.
Bundan başqa, şirkətin Nizamnaməsində qanunvericiliyin tələbinə görə digər zəruri dəyişikliklər olunub.