İQTİSADİYYAT
SOCAR-ın STAR Neft Emalı Zavodu Londonda nüfuzlu mükafata layiq görülüb
Bakı, 6 fevral, AZƏRTAC
SOCAR-ın STAR Neft Emalı Zavodu investisiya layihəsi “Neft emalı zavodunun maliyyələşdirilməsinə dair ilin ən yaxşı anlaşması” mükafatına layiq görülüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, nüfuzlu mükafat “Thomson Reuters” nəşrlərinə məxsus olan “Project Finance International” (PFI) jurnalının dünyanın nəhəng şirkətlərinin maliyyə layihələrini mükafatlandırma mərasimində təqdim olunub.
Qeyd olunub ki, Türkiyənin özəl sektorunda ilk neft emalı zavodu olan və 3,29 milyard dollar məbləğində sərmayə yatırılan STAR Neft Emalı Zavodunun layihə maliyyələşdirməsinə dair anlaşma kredit həcminə, zəmanət şəklinə və xüsusiyyətlərinə görə bu ölkədə gerçəkləşdirilmiş ən böyük kompleks layihə maliyyələşdirmə əməliyyatıdır.
“SOCAR Türkiyə”nin baş icraçı direktoru Kənan Yavuz layihənin maliyyələşdirmə paketində 6 ölkədən 7 idxalat kredit quruluşunun, 13 beynəlxalq ticarət bankının, 2 xarici inkişaf bankının və 1 Türkiyə bankının iştirak etdiyini bildirib. Bu, eyni zamanda 2014-cü ildə Avropa-Orta Şərq-Afrika bölgəsində neft və təbii qaz sahəsində gerçəkləşdirilmiş ən böyük layihə maliyyələşdirilməsidir.
2017-ci ilin sonunda istismara verilməsi planlaşdırılan neft emalı zavodu Türkiyə iqtisadiyyatının cari əməliyyatlar kəsiri probleminin həllinə minimum 2,5 milyard dollarlıq fayda verəcək. Emal olunacaq illik 10 milyon ton xam neft bu vaxtadək idxal edilən məhsulların istehsalına yönəldiləcək, bununla da əlavə dəyər Türkiyə daxilində qalaraq xalqın rifahına və ölkənin tərəqqisinə töhfə verəcək.
Kənan Yavuz STAR Neft Emalı Zavodunun ümumi dəyərinin 5,7 milyard dollara çatacağını söyləyib. Bu həm də dünyanın ekoloji cəhətdən ən sağlam, effektiv və müasir texnologiyalara əsaslanan layihələrindən biridir.
Layihə həmçinin bu il “Global Financial Conferences” təşkilatı tərəfındən “İlin ən yaxşı istiqraz və kredit əməliyyatları” (Bond &Loans; Award) mükafatlarının Türkiyəyə aid qismində namizəd göstərildiyi 4 kateqoriyanın 3-də mükafat qazanıb.