İQTİSADİYYAT
SOCAR istiqrazlarının sahibləri 12-ci dəfə qazanacaqlar
Bakı, 11 oktyabr, AZƏRTAC
Ölkəmizin kapital bazarlarında vətəndaşlarımız üçün alternativ investisiya imkanları təqdim edən SOCAR istiqrazları oktyabrın 17-də baş tutacaq 12-ci faiz ödənişi ilə birlikdə sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollarlıq gəlir qazandıracaq və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 15 milyon dollara yüksələcək.
“SOCAR Capital” şirkətindən AZƏRTAC-a bildirilib ki, nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 5 faiz olan və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının 1,25 milyon dollarlıq rüblük faiz məbləği Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb.
İnvestorların ehtiyaclarına uyğun şəkildə dizayn edilməsi, yüksək gəlirlilik, yüksək likvidlik, alqı-satqı əməliyyatlarının asanlığı (hətta 1 milyon dollarlıq istiqrazı cəmi 1 saata satmaq mümkündür), faiz ödənişlərinin qrafikə uyğun aparılması və SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti - hansı ki, indiyədək belə bir əməliyyatın aparılmasına ehtiyac olmayıb - SOCAR istiqrazlarının əsas xüsusiyyətlərini təşkil edir.
SOCAR istiqrazı sahibləri sərfəli şərtlərdə REPO əməliyyatı ilə qısamüddətli kredit cəlb edə və ya istiqrazı Milli Depozit Mərkəzində girov qoymaqla, müvafiq bankdan 2 il müddətinədək illik faiz dərəcəsi 15-16 faiz olan manat krediti götürə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5 faizlik gəlirlərini itirmir və cəlb etdikləri kreditin faktik faiz dərəcəsi 9-10 faizə enmiş olur.
Xatırladaq ki, SOCAR istiqrazları Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ qiymətli kağızdır və “ASAN xidmət” mərkəzlərindən (1 və 5 saylı) əldə edilməsi mümkündür.