İQTİSADİYYAT
“SOCAR-Media” İctimai Birliyi Dövlət Neft Şirkətinin Türkiyədəki investisiya layihələrinin təbliği üçün yerli media qurumları ilə danışıqlar aparır
Bakı, 25 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkə daxilində və xaricdə regional və qlobal əhəmiyyətli irimiqyaslı strateji layihələr həyata keçirir.
AZƏRTAC xəbər verir ki, həmin investisiya layihələrinin mühüm hissəsi Türkiyədə icra olunur. İzmirdə yeni neft emalı zavodunun inşası, TANAP qaz kəməri, ARDNŞ-in xaricdəki ən böyük aktivi olan “Petkim” neft-kimya kompleksində limanın genişləndirilməsi və konteyner limanı, yeni elektrik stansiyanın layihələndirilməsi və s. yaxın 10 il ərzində şirkətin Türkiyədə həyata keçirəcəyi iri sərmayə tutumlu meqa-layihələrdir. ARDNŞ-in təsisçiliyi ilə yaradılmış “SOCAR-Media” İctimai Birliyi bütün bu işlərin həyata keçirilməsinin təbliği və dəstəklənməsi məqsədi ilə Türkiyədə fəaliyyət göstərən müxtəlif media qurumları ilə əməkdaşlıq haqqında danışıqlar aparır. Əməkdaşlığın müxtəlif formaları nəzərdə tutulmuşdur.
Hazırda danışıqlar davam etdirilir. Hər hansı bir media qrupu ilə danışıqlarda konkret nəticələr əldə olunduqda bu haqda Azərbaycan ictimaiyyətinə məlumat veriləcəkdir.