İQTİSADİYYAT
SOCAR təmsilçiləri “Star” neft emalı zavodundakı tikinti işləri ilə tanış olublar
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov və emal üzrə vitse-prezidenti Davud Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına neft emalı zavodunda nəzərdə tutulan yenidənqurma işləri çərçivəsində Türkiyənin İzmir və İzmit şəhərlərində işgüzar səfərdə olublar. Təcrübə mübadiləsi məqsədi daşıyan səfər çərçivəsində nümayəndə heyəti SOCAR-ın İzmirdə inşa etdiyi “Star” neft emalı zavodunda aparılan layihələndirmə və tikinti işlərinin gedişatı ilə tanış olub, ətraflı fikir mübadiləsi aparıblar.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti Türkiyənin İzmit şəhərində yerləşən “TÜPRAŞ İzmit” neft emalı zavodunda yekunlaşdırılmaqda olan iri həcmli yenidənqurma işləri ilə də tanış olublar. Hər iki görüş zamanı SOCAR nümayəndələrinə layihələr barədə ətraflı məlumatlar verilib, tikinti meydançalarına səfərlər təşkil edilib, bu tip mürəkkəb layihələrin icrası zamanı qarşıya çıxan çətinliklər və onların həlli yolları müzakirə olunub. Görüşlərdə Heydər Əliyev adına neft emalı zavodunun direktoru Elman İsmayılov da iştirak edib.