İQTİSADİYYAT
“SOCAR Trading” 7 neft tankeri alıb
Bakı, 13 mart, Nihad Budaqov, AZƏRTAC
SOCAR-ın neft və neft məhsullarının satışı ilə məşğul olan “SOCAR Trading SA” şirkəti 7 ədəd neft tankeri alıb.
AZƏRTAC xəbər verir ki, şirkətin baş icraçı direktoru Arzu Əzimov ötən ay imzalanan müqaviləyə əsasən, “SOCAR Trading SA”nın 2 ədəd 140 min ton tutumu olan “Suezmax” və 5 ədəd 80 min ton tutuma malik “Aframax” sinifli tanker əldə etdiyini deyib. Şirkət Aralıq və Xəzər dənizlərində özünün nəqliyyat potensialını genişləndirmək niyyətindədir.
Hazırda şirkətin donanmasında 5000-15000 ton arası tutuma malik 30 gəmisi var. Onların arasında neft tankerləri çoxluq təşkil edir.
Qeyd edək ki, mərkəzi ofisi Cenevrədə yerləşən “SOCAR Trading” Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və digər məhsulların bazarlarda satışını təşkil etmək üçün 2007-ci ilin dekabrında təsis olunub. SOCAR-ın İsveçrədəki fəaliyyəti “SOCAR Trading” tərəfindən həyata keçirilir və şirkət bu ölkədə neft məhsullarının satışı bazarında fəal iştirak edir. Şirkətin bazar dəyəri təxminən 1,15 milyard ABŞ dollarıdır.