İDMAN
Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarında Azərbaycanı dörd idmançı təmsil edəcəkdir
Bakı, 29 yanvar (AZƏRTAC - Səxavət Quliyev). Fevralın 4-də Azərbaycan millisi Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Rusiyaya yollanacaqdır.
Bu sözləri Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva AZƏRTAC-a müsahibəsində demişdir.
K.Nurullayeva bildirmişdir ki, Olimpiya Oyunlarının açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
Azərbaycan Qış Olimpiya Oyunlarında 1998-ci ildən etibarən iştirak edir. Ölkəmiz hər Oyunlarda daha çox idmançı ilə təmsil olunur. Azərbaycanı Soçi Qış Olimpiya Oyunlarında 4 idmançı təmsil edəcəkdir. Bunlar fiqurlu konki sürənlər Aleksey Sitnikov, Yuliya Zlobina, xizəkçilər - Patrik Braxner və Qaya Bassani Antivaridir.
Soçi Qış Olimpiya Oyunları fevralın 7-dən 23-dək davam edəcəkdir.