Sofiyada 28 May – Respublika Günü qeyd olunub
Sofiya, 28 may, AZƏRTAC
Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü və Sofiya Şəhər Bələdiyyəsinin dəstəyi ilə Sofiyada yerləşən “Cənub” parkında 28 May - Respublika Günü münasibətilə ağacəkmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Sofiya Şəhər Bələdiyyəsi, Bolqarıstanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk demokratiyanın - Azərbaycan Demokratik Respublikasının (ADR) əsasının qoyulduğunu, daxili və xarici çətinliklərə baxmayaraq, gənc respublikanın səmərəli dövlət quruculuğu, vətəndaşlarının hüquqlarının qorunması və beynəlxalq ictimaiyyətin etimadının qazanmasına nail olduğunu ifadə edib.
ADR-i siyasi cəhətdən inkişaf etmiş ən qabaqcıl dövlətlərindən biri kimi xarakterizə edən səfir hüququn aliliyi və demokratiya quruculuğunun Azərbaycan dövlətçiliyinin təməl daşını təşkil etdiyini vurğulayıb.
Səfir ADR-in varisi olan müasir Azərbaycan Respublikasının nüfuzlu regional qüvvə olmaqla yanaşı, eləcə də bir sıra qlobal təşəbbüslərdə etibarlı tərəfdaş olduğunu bildirib. O qeyd edib ki, ADR irsinə əsaslanan Azərbaycan Respublikası öz maraqlarını qarşılıqlı, faydalı ikitərəfli və çoxtərəfli münasibətlərə əsaslanaraq irəlilədir. Azərbaycan bir sıra enerji, infrastruktur və təhlükəsizlik təşəbbüsləri irəli sürən və nüfuzlu qlobal platformalara ev sahibliyi edən dünya miqyasında aparıcı oyunçuya çevrilmişdir. Qərblə Şərqin tarixi qovşağında yerləşən Azərbaycan hər iki sivilizasiyanın dəyərlərini özündə birləşdirərək həm Avropa, həm də Şərq mədəniyyətinə mənsubdur.
Diplomat bu il Azərbaycan xalqının Respublika Gününü Vətən Müharibəsi zamanı qazanılan böyük qələbənin sevinci ilə yanaşı, xüsusi qürur hissi ilə qeyd etdiyini, Azərbaycanın zəfər çalaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini söyləyib.
H.Hüseynov yaxın günlərdə həmçinin Azərbaycan-Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 29-cu ildönümünün qeyd ediləcəyi barədə tədbir iştirakçılarına məlumat verib. O əlavə edib ki, ötən illər ərzində qarşılıqlı maraq doğuran bir çox sahələrdə çoxşaxəli əməkdaşlığa baxmayaraq, ikitərəfli münasibətlərin gələcək inkişafı üçün böyük imkanlar mövcuddur.
Səfir əkilən ağacların “Cənub” parkının gözəlliyinə əlavə töhfə verəcəyinə və Azərbaycan ilə Bolqarıstan arasında daha da möhkəm dostluğun rəmzi olacağına inamını ifadə edib.
Rəsmi açılışdan sonra ağaclar əkilib.
Tədbir bolqar mətbuatında geniş işıqlandırılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya