DÜNYA
Solçu partiyalar Çexiyanı NATO-dan çıxmağa çağırırlar
Praqa, 6 sentyabr, AZƏRTAC
Çexiya və Moraviyanın solçu qüvvələri payız seçkiqabağı kampaniyasından (oktyabr ayında vətəndaşlar diyar nümayəndələrinə və yeni senatorlara səs verəcəklər) ölkənin NATO-dan çıxması ilə bağlı referendum keçirilməsi barədə petisiya yayılması üçün istifadə etmək istəyirlər. Partiyalar ümumxalq səsvermə yolu ilə həmçinin ölkə əsgərlərinin xaricə göndərilməsinə mane olmaq istəyirlər. Bu barədə jurnalistlərə məlumatı Çexiya və Moraviya Kommunist Partiyasından olan deputat Marta Semelova verib. “Kim nüvə dövlətləri ilə toqquşmağı arzu edir?” adlanan petisiya NATO-nun Polşa və Baltika ölkələrində çoxmillətli bölmələri yerləşdirmək barədə qərarına reaksiyadır. Həmin ölkələr qitənin şərqində mürəkkəb siyasi vəziyyətlə bağlı narahatlıqlarını bildirirlər. Qeyd edilən bölmələri formalaşdırmaq üçün Çex hərbi qulluqçularının göndərilməsi məsələsi hələ müzakirəyə çıxarılmayıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa